“Zəhra Xatun” Qadın İnkişaf Birliyi "Sağlamlığımızı, doğmalarımızı, dünyamızı qoruyaq" layihəsi çərçivəsində növbəti maraqlı tədbir reallaşdırıb.
Təşkilatdan verilən məlumata görə, “Zəhra Xatun” Qadın İnkişaf Birliyinin rəhbəri Dr. Leyla xanım Həsənovanın təşkilatçılığı ilə sözügedən layihə çərçivəsində "Sağlam düşüncə, sağlam mühit, insanlığın qorunması” mövzusunda seminar keçirilib.Tədbirin təqdimatçısı və layihə rəhbəri respublikanın əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ETM-nun elmi işçisi Zülfiyyə Vəliyeva olub.
Açılış nitqi ilə çıxış edən Dr. Leyla Həsənova əvvəlcə tədbir iştirakçılarına təmsil etdiyi birliyin fəaliyyəti, məqsəd və layihələri haqqında məlumat verib. O, gələcəkdə planlaşdırılan layihə və işlərdən də söz açıb.
“Əslində bugünkü tədbirdə maraqlı və diqqət çəkən məqamlar da var. Tədbirimizdə bütün yaş kateqoriyasından olan xanımlarımız iştirak edir, layihəyə marağını göstərirlər. İnkişaf naminə maarifləndirici seminarlara belə istək göstərmək, möhtəşəm bir görüntü yaradır. Bu bizi, təşkilatçıları da çox sevindirir. Bəli inkişaf kənardan gəlmir, özümüzdən, bizim fəaliyyətimizdən başlayır. Savadlı, özünü yaxşı mənada dərindən tanıyan, sevən və inkişaf etdirən xanım öz ailəsini qorumağı da bacarmalıdır. O, övladlarını da necə uğurlu şəkildə tərbiyə edəcəyini biləcək”, - Leyla Həsənova qeyd edib.
Çıxış edən Zülfiyyə Vəliyeva təkcə ziyalı fikri səsləndirməyib, öz məsləhət, tövsiyə və ideyalarını ortaya qoymayıb, mental dəyərlərdən də söz açıb: “Hər bir insanın qəlbində Allaha məhəbbət, əməlində insana hörmət və qiymət, xislətində insanlığın, bəşərin xilası üçün göstərdiyi xidmət onun sağlamlığının, xoşbəxtliyinin təminatına kömək etmiş olur! Bu onun işıqlı sabahının, xoşbəxt gələcəyinin kamillik şəhadətnaməsidir!”
Sonda Leyla Həsənova tədbirin ərsəyə gəlməsində dəstək göstərən, hər kəsə təşəkkürünü bildirib: “Biz maarifləndirməyə davam deyirik!”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin