Orxan Fikrətoğlu, yazıçı:
- Baş nazir Əsədov Azərbaycanda qiymət qalxımından danışıb. Bütün dünyada ərzaq qiymətlərinin qalxdığına toxunub. Mən bütün dünyada vətəndaşlar üçün ayrılan sosial paketlərdən, minimum əmək haqqından, azad və liberal biznes mühitindən danışıb reallığı arzu müstəvisinə endirməyəcəm. Baş nazirə bir-iki asan məsləhət verəcəm.
1. Yerli istehsalı vergidən azad edib stimullaşdırmaq lazımdır.
2. Kəndlini kəndə qaytarıb kiçik sahibkarlığı dirçəltmək lazımdır.
3. Biri-birini təkrar edən bir sıra dövlət müəssələri bağlanmalıdır. "Asan xidmət" bir sıra idarələrin mövcudluğunu artıq effektsiz edir.
4. Əhalinin maaşları, istehlak zənbili meyarı dövrə uyğun tənzimlənməlidir.
5. Bazar liberallaşmalıdır. Ən əvvəl maliyyə bazarı.
6. Sosial ödənişlərin məbləğı əhalinin maraqları ilə hesablanmalıdır.
7. İmkansız qocalara və xroniki xəstələrə havayı dərman paketləri verilməlidir. Və s..
***
Hikmət Babaoğlu, millət vəkili:
- Əziz Səncər dedi ki...
Bu gün UNEC-də Nobel mükafatı laureatı Əziz Səncərlə gənc alimlərin görüşü təşkil edilmişdi. Dəyərli elm adamı və təşkilatçısı, professor Ədalət Muradov konfransın açılış mərasimində çıxış edərək elm, təhsil sahəsində günümüzün ən aktual çağırışlarına toxunaraq bütün sahələrdə qələbimizə layiq bir mərhələyə qədəm qoymağımızın zərurətindən danışdı. Əziz Səncərin həyat yolunu örnək göstərərək onu konfrans iştirakçılarına təqdim etdi. Öz sadəliyi, təvazökarlığı ilə nümunə olan böyük düha sahibi Əziz Səncər bir sıra mühüm məsələlərə toxunaraq dedi ki...
1. Vətəninə, millətinə xeyirli olmayan alim dünyaya xeyirli ola bilməz!
2. Elm prinsipiallığı və ardıcıllığı sevir. Ona görə də elmin qapısına dirənib böyük Fateh Mehmetin İstanbula dediyi, ya sən məni alacaqsan, ya mən səni ifadəsini təkrar etməlisən. Yalnız o zaman elmdə zirvələr fəth edə bilərsən!
3. Azərbaycanın Zəfəri "İstiqlal savaşı"ndan sonra türk dünyasının ən böyük zəfəridir.
4. Azərbaycan öz zəfəri ilə sübut etdi ki, 21-ci əsrdə dünyanı 20-ci əsrin imperialist alətləri ilə idarə etmək mümkün deyil. Dünya bundan dərs çıxarmalıdır.
5. Ən böyük xəyalım Türk Dünyasının birliyini görməkdir. Mən bəlkə görə bilmədim, sizlər görəcəksiniz (kövrəldi...)
6. Türkiyə ilə Azərbaycan artıq bir millət, iki dövlət deyil, bir millət bir dövlətdir (Tarixi zəfərimiz və Şuşa Bəyannaməsindən sonra - H.B.). Digər türk dövlətlərinə baxmaq lazımdır.
P.S. Mən Azərbycanda nəyə görə uşaqlara Səncər adının verilmədiyini həmişə düşünürdüm. Özümün özümə cavabım isə belə olurdu ki, dahi şairimiz Nizami Gəncəvi Böyük Səlcuqlu Sultanı Muizzəddin Əhməd Səncəri mənfi obraz kimi təqdim edir, yəqin ondan ola bilər. Ancaq görünür, bu yəqinim doğru deyidi, çünki Nizaminin əsərlərinin tərcüməsi və kütləvi auditoriya tərəfindən oxunmasının tarixi heç 70-80 il deyil. Ancaq 2008-ci ildə Çingiz Aytmatovdan övladlarının adını soruşanda o, mənə Əsgər və Səncər adlı iki oğlunun olduğunu demişdi. Əziz Səncər dedi ki...
7. Amerikada özbək əsilli bir alim yenicə ailə qurmuş övladını mənimlə tanış etdi. Bir ildən sonra gənc ailə məni yenidən ziyarətə gəldi.
Qucaqlarındakı körpənin adı Səncər idi!
8. Əziz Səncər həmin gənc ailə ilə şəklini paylaşaraq sağ və solundakı özbək soydaşlarımızın şəkillərinin altına "özbək", öz şəklinin altına isə "türkmən" yazdırmışdı.
Elə adını daşıdığı Böyük Səlcuqlu Sultanı Muizzəddin Əhməd Səncər də Mərvdə (Türkmənistanın Maarı şəhəri yaxınlığında) doğulmuşdu. 91 yaşında vəfat edən, tarixin ən mürəkkəb zamanlarında 41 il hökmranlıq edən, Qaraxanilər, Qəznəlilər, Xarəzimlilər, Qurlar və s. dövlətləri özünə tabe edən, lakin bununla belə, həmişə hamını bağışlamağı bacaran böyük Sultanın məzarı da Mərvdədir. Səncər sözü snc (məsdər forması sancmaq) feilindən əmələ gəlib, mənası bir əraziyə bayrağını sancan, ərazini fəth edən deməkdir. Elmdə də, döyüşdə də zirvələri fəth edən, həmin zirvələrə bayrağını sancan "Səncər"lərə eşq olsun!
***
Etibar Əliyev, millət vəkili:
- Dünya şöhrətli riyaziyyatçı, professor Məsud Əfəndiyevin və Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin çox maraqlı təqdimatlarını dinlədik. Universitetlərin reytinqlərində əsas göstəricilərdən biri professor-müəllim heyətinin tərkibidir. Əziz Səncərin və Məsud Əfəndiyevin özləri bir universitetdir. Çox təəssüflər olsun ki, bizim tələbələr belə görkəmli alimlərlə ünsiyyət qura bilmirlər. Beyin axınının fəsadlarını yaşayırıq. Fürsətdən istifadə edib UNEC rektoru, professor Ədalət Muradova bir daha təşəkkür edirəm. 3 günlük mühüm konfransda biz elmin qüdrətini gördük, bu dəyərin daşıyıcılarının mənəvi dünyaları ilə tanış olduq. Nobel mükafatı laureatı Bertran Rasselə görə ciddi təhsil nəzəriyyəsi iki hissədən ibarət olmalıdır:
- Həyatınızdakı məqsədlərin nələr olduğu ilə əlaqəli hissə.
- Zəkanın dəyişmə qaydalarını tədqiq edən psixoloji - dinamik elmdən ibarət hissə.
Elmlə təhsilin vəhdətindən danışırıq. Lakin onlar get-gedə bir-birilərindən uzaqlaşırlar. Elm adamları təhsil nəzəriyyələrini yaratmalıdırlar. Elm təhsilə fəlsəfi yanaşmanı dərinləşdirməlidir. Yeri gəlmişkən, idrak və düşüncə elmi olan Fəlsəfəni hansı hala salmağımızı da bilirik. Və bunu bilərəkdən etmişik. Ölkəni tərk etmiş dəyərli alimlərimiz heç olmasa ahıl yaşlarında ölkəyə tez-tez gəlməlidirlər. Mən vaxtilə müəllimimiz olmuş Kvant kimyası sahəsində tanınmış alimimiz İsrafil Hüseyovun, görkəmli filosof, düşüncə adamı Səlahəddin Xəlilovun, Bəxtiyar Siracovun, Təhmasib Əliyevin, Mürşüd Qəribovun və digər görkəmli alimlərimizin də yerini görürəm. Elmdə "itirilmiş zaman" çox amansız olur. Həm alimi itiririk, həm də elm və təhsili. Adını çəkdiyim alimlər elmdə tədqiqat üçün yeni istiqamətləri göstərə bilirlər. Nə qədər istedadlı gəncimiz köhnə laboratoriyalarda heç nə əldə edə bilməyib elmdən kənarlaşıblar. Ancaq Qərb və Amerika uşaqları ibtidai təhsil pilləsindən seçib rəğbətləndirirlər. Orta və ali məktəblərə tez-tez getməliyik. Onları köhnəlmiş dərsliklərin və öz üzərində işləməyən müəllimlərin ixtiyarına buraxmaq olmaz. Mən yenə də böyük Bertran Rasselin bir fikrinə qayıtmaq istəyirəm: "Məhdud sahədə yaşayan böyük əhali kütləsinin varlığını davam etdirə bilməsi ancaq elm, xüsusən də texniki elmlər sayəsində mümkündür. Buna görə də təhsil, elm və texniki elmlərə dair verilməli olan ilkin biliklər uşaqlara zamanında çatdırılmalıdır". "Biz birlikdə güclüyük!" paradiqması burda da çalışmalıdır.
***
Aydın Quliyev, jurnalist:
- Ermənistan diplomatları Brüssel görüşündə Soçinin əvəzini bu cür çıxmağa hazırlaşır...
Erməni diplomatiyası 15 dekabr "Brüssel duelinə" bərk hazırlaşır. XİN başçısı Ararat Mirzoyan Stokholmda ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT- in Baş katibi ilə görüşüb. Əsas müzakirə mövzusu "həmsədrlər formatında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsi" olub. Dünyaya mesaj verilir ki, guya hazırda bölgənin əsas problemi status məsələsidir və bu problem MQ həmsədrləri çərçivəsində həll olunmalıdır. Ermənilər Avropa komissarı Ş.Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşməzdən öncə həmin görüşün gündəmi barədə rəy yaratmağa çalışırlar. Ermənistan Brüssel görüşü kontekstində "doğuşdan qabaq doğuş" oyunu oynayır.
Guya Xocəvəndin hansısa kəndində bir mal otaran erməninin Azərbaycan hərbçiləri tərəfindən götürülərək öldürüldüyü barədə yalanı da məqsədli yayırlar. O niyyətlə ki, dünya bütün bu gərginliklərə son qoyulmasının üsulu kimi Minsk Qrupu formatının bərpa edilməsinə Azərbaycanı məcbur etsin.
Soçi məğlubiyyəti onlara bərk yer edib. Əvəzini Brüsseldə çıxmaq istiyirlər. "Ovçunun planı, ayının yolu var" deyiblər...
***
Xədicə İsmayıl, jurnalist:
- Dostlarla Yanukoviçin dövlətdən yağmaladığı, indi yenidən xalqa qaytarılan malikanəsinə getmişdik. Zövqsüz dəbdəbə düşkünlüyünün və bədxərcliyin abidəsidir ora. Hələ ki hansı quruma tabe olacağı müəyyənləşməyib. Maydançılar özləri idarə edir. Yağmalamadan, oğurlamadan. Nəzarətçi-gid dostumuz dedi ki, xalqın idarəetmə qabiliyyəti olduğunu göstəririk.
Çöldə suvenirlər arasında qızıl unitaz satılır, amma içəridə unitazlar yox, bəzi aksessuarlar qızıl suyuna çəkilib. Denis deyir ki, xüsusi təbliğat fəndi idi bu "tualeti qızıldandır" söhbəti. Adamlar hər dəfə ehtiyaclarını ödəyəndə Yanukoviç yada düşsün deyə. Birini aldım suvenirin. Bəlkə konvertə qoyub, araşdırma qəhrəmanlarımdan birinə göndərdim.
Bu arada, malikanədən qaçanda Yanukoviç özüylə 20 fura ayın-oyun aparıb. Sənədləri də gölə tökmüşdülər. Həmkarlarım onları göldən yığıb, qurudub, skan edib sayta yığıb. Həmin sənədlərdə malikanə tikintisindəki yeyintilər və saxtakarlıqlar da aşkara çıxır. Heç özləri üçün də əməlli iş görə bilmirlər axı.
Maraqlı faktlardan biri də budur ki, 2600 kv metrlik yaşayış sahəsində kitabxana düzəltmək heç kimin ağlına gəlməyib. Əvəzində maşın kolleksiyası var. Belə görməmişcəsinə...
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin