Kişilərdən və qadınlardan ibarət şahmat üzrə Azərbaycan milliləri Monteneqroda keçirilən Avropa çempionatının II turunda qələbə qazanıblar.
Anmedia.azın məlumatına görə, ilk turda Danimarkaya məğlub olan kişi şahmatçılar bu dəfə Slovakiyanı 2,5:1,5 hesabı ilə üstələyiblər. Yığmanın heyətində Rauf Məmmədov rəqibini məğlub edib, Teymur Rəcəbov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıblar.
Qadınlardan ibarət Azərbaycan millisi isə itkisiz irəliləyir. Startda Sloveniyadan güclü olan yığma hesabat turunda Niderlanda qalib gəlib - 2,5:1,5. Günay Məmmədzadə heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Gülnar Məmmədova qələbə qazanıblar. Gövhər Beydullayeva isə məğlub olub.
Bu gün Avropa çempionatında III turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsveç, qadınlar isə Polşa ilə qarşılaşacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin