Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
1969-1982-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. Heydər Əliyevin Azərbaycanın xüsusi xidmət orqanlarına rəhbərliyi illərində DTK-da əvvəlki dövrlərdən köklü surətdə fərqlənən ab-hava yaranmış, əməliyyat fəaliyyətinə və onun səmərəli təşkilinə yeni, yaradıcı baxış formalaşmışdır. Təhlükəsizliyin təminatında Azərbaycanın milli maraqlarının ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad və Kiyev şəhərlərinə göndərilməsi, ümumiyyətlə, orqanlarda milliləşmə prosesinin aparılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqına şərəflə, əzmkarlıqla xidmət etmiş Ulu öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında və inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi olan böyük öndərimiz həm də özündən sonra gənc nəslin daim bəhrələnə biləcəyi bir məktəb yaradıb. çətin siyasi dönəmlərdə təhlükəsizlik orqanlarında yüksək postlar tutmuş Ulu öndərimiz fəaliyyətində daim milli mənafeləri önə çəkib, milli-ədəbi irsi, milli təfəkkür və düşüncə sistemini keçmiş rejimin amansız təhdidlərindən qorumaq naminə böyük iradə, qətiyyət nümayiş etdirib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı. 1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. O illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş vətən sevgisinin nəticəsi idi.Onun respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. Respublikanın hər yerində böyük abadlıq işləri aparılmış, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, respublika üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən əsası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi. Bununla yanaşı, Azərbaycanın elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın zəngin tarixi bütün dünyaya tanıdılmışdı. Bütün bu işləri görməklə Ulu Öndər həm də xalqın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki o, xalqının gücünə və qüdrətinə inanır, həyatının mənasını doğma vətəninə xidmətdə görürdü: "Biz nadir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Ümummilli Liderin fəaliyyətinin əsasını milli-mənəvi, dini dəyərlərimizə sıx bağlılığı, Azərbaycan və dünya tarixini mükəmməl bilməsi, xüsusi xidmət orqanlarında çalışarkən xalqımıza qarşı yönəlmiş siyasəti aydın görüb dərindən araşdırması təşkil etmişdir. Bu amillər onun millətsevərlik, müstəqil dövlətçilik baxışlarının formalaşmasında çox böyük rol oynamışdır. Heydər Əliyev xarakterinə görə praqmatik, dərin bilikli, məntiqli, cəsarətli, həyata keçirməyə çalışdığı ideyaları uğrunda əzmlə mübarizə aparan prinsipial rəhbər olmaqla yanaşı, millətini, xalqını, vətənini sonsuz məhəbbətlə sevən lider idi. Onun hakimiyyətə gəldiyi ilk gündən gördüyü çox mühüm, gələcəyə hesablanmış addımlarından biri də azərbaycanlılar arasında birlik yaratması, hakimiyyət strukturlarına əsasən azərbaycanlıları yerləşdirməsi idi.
Bütün həyatını xalqına və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın inkişaf edən güclü dövlətlərindən birinə çevriləcək.
Ulu Öndər Heydər Əliyev hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.
Vəli Vəliyulla,
Xəzər Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin