Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Görkəmli mütəfəkkirin təxəllüsü Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi, əsl adı isə İlyas Yusif oğludur. Dahi Şeyx Nizaminin əsərlərinə yazdığı müqəddimələrə əsasən əldə etdiyimiz məlumatlardan doğma Azərbaycan dilindən başqa pəhləvi, fars, ərəb və yunan dillərini mükəmməl şəkildə bildiyini öyrənirik. Nizami dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş poemadan ibarət ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") "Xəmsə" (Beşlik) müəllifi kimi daxil olmuşdur.
"Sirlər xəzinəsi" - Həyatın ayrı-ayrı sahələrini əhatə edən, cəmiyyətin müxtəlif təbəqələrinin rəngarəng surətlər silsiləsini yaradan, yeni fikirlər, ideya və qənaətlər ifadə edən bir əsərdir. Şair bu əsərində elmin, mədəniyyətin, ədəbiyyatın inkişafında dəmir bir qanunauyğunluğun olduğu fikrini yürüdür. Şair və şeir qarşısında ciddi ictimai vəzifələr qoyan Nizaminin fikrincə, şeir insanları tərbiyə etmək vasitəsidir.
Kim ki sözə verdi sığal, sahmanı,
Sözlə bişirdi çiy olan insanı.
"Xosrov və Şirin" - Dünya ədəbiyyatının məhəbbət mövzusunda yazılmış əsərləri içərisində müstəsna yer tutan bu dastanda şair insanlara yüksək hisslər aşılayan, onları qabaqcıl ideyalar uğrunda mübarizəyə səsləyən ülvi məhəbbətdən söz açmışdır. Nizami Şirinin diliylə Xosrova ədalət dərsi verən zaman da sanki dövrünün ixtiyar sahiblərinə üz tutur, onları ədalətə, düzlüyə, elmə çağırır.
Bəd duadan saqın, mehriban danış,
Pusquda durmasın yolunda qarğış.
"Leyli və Məcnun" - Bu əsərdə şair insan və zaman, təbiət və cəmiyyət hadisələri ətrafında rəngarəng düşüncələrini əks etdirmişdir. Belə bir mövzuda əsər yazmağı ondan Şirvan şahı Axsitan xahiş etmişsə də, Nizami heç də ancaq dövrün şahlarını təmin edəcək əsər yaratmamış, daha çox öz narahat düşüncələrini qələmə almışdır. Nizami insandan ayıq olmağı, öz insanlıq vəzifəsini yaxşı başa düşməyi, yerlərin, göylərin sirlərini öyrənməyi tələb edir
Biz kimik, neçiyik, aç göstər artıq,
Büt qayıranmıyıq, büt qıranmıyıq.
"Yeddi Gözəl" - Əsərin mövzusu Sasani hökmdarı V Bəhramın həyatı ilə bağlı olsa da, böyük şairin istəyi Sasani hökmdarının simasında yeni insan idealını əks etdirmək, zaman və insan anlayışı ətrafındakı dərin düşüncələrini ifadə etmək olmuşdur.
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
"İsgəndərnamə" - Bu əsərdə Nizami azadfikirliliyini, onun elmi-fəlsəfi görüşlərinin, xüsusən dinə münasibətinin tarixən mütərəqqi olduğunu açıq nümayiş etdirir. Nizaminin fikrincə, Yaradan hər şeydən əvvəl əqli yaratdı və ona ilk yaradılışın sirrindən başqa dünyanın bütün sirlərini açdı.
Bu gizli sözləri, fikirləri sən
Neçin lal dillərə isnad edirsən?
İstinad
Nizami Gəncəvi. Sirlər xəzinəsi. "Lider nəşriyyat", Bakı, 2004, 264 səh.
Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, "Lider nəşriyyat", 2004, 392 səh.
Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, "Lider nəşriyyat", 2004, 288 səh.
Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, "Lider nəşriyyat", 2004, 336 səh.
Nizami Gəncəvi, İskəndərnamə. İqbalnamə. Bakı, "Lider noşriyyat", 2004, 256 səh.
Anar Rzayev
Almaniya Türk Muzeyinin Azərbaycan təmsilçisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin