Ana dilimiz milli sərvətimiz, milli kimliyimiz, qorumağa borclu olduğumuz ən böyük dəyərdir. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir, dil hər bir xalqın dünəni, bu günü və gələcək salnaməsidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Ümummilli lider, ulu öndər Heydər Əliyev dilimiz haqqında demişdir: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”.
Ümummilli lider Heydər Əliyevin ən başlıca missiyası məhz ana dilinin qorunması, onun inkişafı və dünyəvi sferada tanınması idi. 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda “Azərbaycan Əlifbası” və “Azərbaycan Dili Günü” kimi qeyd edilir.
Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı.
Ulu öndər Heydər Əliyev deyirdi: "Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər”. “Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun". Bütün mütəxəssislər, tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə olanlar bir məsələni həmişə tez-tez yada salırlar ki, Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi lazım bilirdi.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Dövlətin həyata keçirəcəyi bu mühüm sənəd dilçilik mədəniyyətimizin yeni üfüqlərini naxışlayır. Ölkə Prezidentinin dediyi kimi, “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.
Anaların laylası
Bizim ana dilimiz,
Anamız tək sevirik
Dil açanda onu biz.
Min illərdir yaranıb,
Hər kəlməsi bir çiçək
Zəngindir yurdum kimi,
Qədimdir tarixim tək.
O şirin avazıdır
Kəpəzin də, Milin də,
Ürəyim də danışır
Azərbaycan dilində.
Milli mənəvi irsi zəngin və xoşbəxt o xalqdır ki, tarixi öz dili ilə yayılır və yazılır. Çalışaq hər zaman dilimizi sevək və qoruyaq! Ana dili günümüz mübarək!
Azərbaycan Respublikası Jurnalistlər birliyinin üzvü, araşdırmaçı Jurnalist Günel Şəmilzadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin