Fövqəladə hallar zamanı təcili tibbi yardım komandalarının yaradılması mövzusunda TƏBİB-də müzakirələr aparılıb.
ANmedia.az bildirir ki, TƏBİB-dən verilən xəbərə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Tibbi Yardım Komandasının (TTYK) missiyası ilə görüşüb. Görüş missiyanın ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutub.
Görüşdə ÜST-nin Avropa Regional Ofisinin Səhiyyədə Fövqəladə Hallar Proqramının tərəfdaşlıq üzrə məsul nümayəndəsi Oleq Storoşenko, Cənubi Qafqaz üzrə Mərkəzin əlaqələndiricisi Vasili Esenamanov, TTYK təşəbbüsü üzrə baş məsləhətçi Nuran Higgins, TTYK-nin texniki məsləhətçisi Xorxe Salamanka, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, ÜST-nin Azərbaycan Nümayəndəliyinin və TƏBİB-in məsul əməkdaşları iştirak ediblər.Görüşdə bildirilib ki, TTYK təşəbbüsünün əsas məqsədi fəlakət, epidemiya və fövqəladə hallardan təsirlənən hökumətləri və əhalini yaxşı təlim keçmiş kadrlar tərəfindən həyata keçiriləcək cavab tədbirləri ilə təmin etməkdir. Fövqəladə hallar baş verdikdə, TTYK şəbəkəsi milli cavab tədbirlərinin bir hissəsi kimi xəstələrin müalicəsi, təcili tibbi yardım təminatçılarına təlimlərin verilməsi, onlara nəzarət, koordinasiyanın gücləndirilməsi, keyfiyyətin təmin edilməsi üçün əsas prinsip və standartlara riayət edilməsini təşkil edir.
Bildirilib ki, TTYK təşəbbüsü 2010-cu ildə Haitidə baş vermiş dağıdıcı zəlzələdən sonra yaradılıb və sürətlə fövqəladə hallar zamanı təcili yardım göstərmək üçün təlim keçmiş və hazırlanmış ixtisaslı tibbi qrupların əhəmiyyətli bir şəbəkəsinə çevrilib.
İndiyədək 37 beynəlxalq komanda artıq ÜST tərəfindən təsnif edilib, daha 100-ə yaxın komanda hazırda fövqəladə hallarda tibbi yardımın ən yüksək standartlarına cavab vermək üçün təsnifat prosesindən keçir.
ÜST-nin Avropa Regional Ofisinin Səhiyyədə Fövqəladə Hallar Proqramının tərəfdaşlıq üzrə məsul nümayəndəsi Oleq Storoşenko bildirib ki, başlıca məqsəd fövqəladə hallar səbəbindən yararsız hala düşən təsisatlar və səhiyyə sahəsində yaranan tələbatlar üzrə müvəqqəti tibbi yardım imkanlarını təmin etməkdən ibarətdir.
Səhiyyə işçiləri, həkimlər, tibb bacıları, paramediklər və köməkçi tibbi heyətdən ibarət olan bu briqadalar müxtəlif dövlətləri, qeyri-hökumət təşkilatlarını hərbi və beynəlxalq təşkilatları təmsil edə bilərlər.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Türkiyədə baş verən zəlzələ nəticəsində çoxsaylı insan tələfatından və yaralıların olmasından təəssüf hissi duyduğunu ifadə edib. O, dünyada baş verən bu cür fövqəladə hallar zamanı təkmilləşdirilmiş və düzgün koordinasiya edilmiş təcili yardımın önəmini vurğulayıb.
İcraçı direktor ÜST-nin fövqəladə hallar zamanı təcili yardım briqadalarının hazırlanması ilə bağlı missiyasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, fövqəladə hallar zamanı erkən mərhələdə çevik və təxirəsalınmaz tibbi reaksiyaların verilməsinin əsas rol oynadığını qeyd edib. İcraçı direktor aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlığın və beynəlxalq təcrübənin öyrənilməsinin gələcək fəaliyyət üçün əvəzsiz rolunu vurğulayıb.
Görüşdə aidiyyəti dövlət qurumları ilə birgə fövqəladə tibbi yardım qruplarının yaradılması qərara alınıb.