"Dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olmuşdur. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsirin ikinci yarısından başlanmışdır. Xeyli sayda idman komplekslərinin, meydançalrın, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövürlərin idman uğurlarının göstəricisi idi.
Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də dövlət başçısının imzaladığı yeni bir fərmana əsasən respublikada əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu istiqamətdə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycanın idman sahəsində beynəlxalq nüfuzunun artırılması üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Respublikada bədən tərbiyəsinin kütləviliyinə nail olmaq, yüksək nailiyyətlər əldə etmək və dünyada yüksək zirvələrdə Azərbaycan bayrağını qaldıracaq idmançılar hazırlamaq üçün bu sahə ilə sıx məşğul olan qurumlar qarşısında öhdəliklər qoymuşdu. Azərbaycanda beynəlxalq, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması, həmçinin, idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi məsələləri həyata keçirilməli əsas tədbirlər sırasına daxil edilmişdi. Bütün bu gərgin işlərin nəticəsi olaraq idmançılarımız qısa zamanda möhtəşəm qələbələrə imza atdılar, bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. Milli Olimpiya Komitəsinin prezidenti olduğu ilk dövürlərdən Cənab ilham Əliyev Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqəti, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Məhz bu gərgin zəhmətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanmışdır.
Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.
Ən böyük idman hadisələrindən biri, tarixdə ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz Oyunlara iki ildən bir qədər çox davam etmiş yüksək səviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “köhnə qitə”nin idman tarixinə də möhürünü vurmuşdur. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman tədbiri keçirilməmişdi.
Nümunəvi təşkilatçılığı, olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə dünyanın əsas idman hadisəsinə çevrilmişdi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bir daha sübut etdi ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.
Azərbaycan 2017-ci ildə də ənənəsinə sadiq qaldı. Həmin il paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. İslam dünyasının idman həyatı üçün əlamətdar olan IV İslam Həmrəyliyi Oyunları böyük uğurla yekunlaşdı. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq birinci yeri tutdular. İslam dünyasının ən nüfuzlu idman yarışında iştirak edən əcnəbi atletlər, qonaqlar Azərbaycanla tanış oldular, ölkəmizin uğurlu inkişaf yolu keçdiyini gördülər. 2019-cu il mayın 29-da isə Bakı qitənin nüfuzlu klub turnirlərindən olan UEFA Avropa Liqasının finalına ev sahibliyi etdi. Bakı Olimpiya Stadionunda keçirilmiş həlledici matçda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları üz-üzə gəldilər. 4:1 hesabı ilə qələbə qazanan “Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi oldu.
Final oyununu tələb olunan səviyyədə keçirmək üçün yerli təşkilat komitəsi nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra etmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. Bakıya gəlmiş azarkeşlər həlledici matçın ən müasir arenada keçirildiyini qeyd etməklə yanaşı, Azərbaycan xalqının səmimiliyinə və qonaqpərvərliyinə, paytaxtın və bütövlükdə ölkənin sürətli inkişafına heyran qaldıqlarını bildirdilər.
Odlar Yurdunun paytaxtı Bakıda, öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına Formula 1 Avropa Qran-prisinə ev sahibliyi edir. Azərbaycan Qran-prisinın üç gün davam etməsinə baxmayaraq, Bakıda uzun müddət bu idman hadisəsinin ab-havası yaşanıb. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyünub. Formula-1 Avropa Qran-prisinin paytaxtda keçirilməsi təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan yarışın ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirib. Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.
Beləliklə ölkəmizə təşrif gətirmiş media nümayəndələri, televiziya vasitəsilə yarışı izləyən yüz milyonlarla tamaşaçı Azərbaycanın yüksək evsahibliyinin şahidi olub. Tək yarışın keçirilməsi deyil, media nümayəndələrinin, “Formula-1” komandalarının üzvlərinin ölkəmizlə, milli dəyərlərimizlə tanışlığı, şəhərimizdə olduğu günlərdə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait və sair Azərbaycanın mükəmməl evsahibliyi nümunəsinin ayrı-ayrı detallarıdır. Beləliklə, Azərbaycan yüksək təşkilatçılıq ənənəsinə bu dəfə də sadiqdir.
“Formula-1” dünyada geniş tamaşaçı auditoriyasına malikdir və izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunlarından, futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan “Formula-1” Qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilirdisə, hazırda bütün dünyanı əhatə edir. Yarışları Beynəlxalq Avtomobil Federasiyası (FIA) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.
Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokratik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, dövlətimizin inkişafı, eləcədə Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik!
Vəli Vəliyulla,
Xəzər Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi
Azərbaycan Respublikasının Prezidenti Yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin