Azərbaycan cəmiyyətində mövcud olan bir çox sosial problemlərin həllinə kifayət qədər diqqət yetirilir. O cümlədən, erkən nikahlar kimi mənfi halların qarşısının alınması üçün həm müvafiq dövlət qurumları, həm də ictimai birliklər tərəfindən səmərəli və effektiv tədbirlər görülür.
ANmedia.az xəbər verir ki ərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Beynəlxalq Hüquqşünaslar” İB tərəfindən həyata keçirilən “Erkən nikah-Erkən solan arzular” layihəsi Qobustan, Şamaxı və İsmayıllı rayonlarında baş tutub.
“Erkən nikah-Erkən solan arzular” adlı layihənin məqsədi erkən nikahların gənclərə olan zərərli təsirinin yayılmasının məhdudlaşdırılması ilə bağlıdır. Layihə çərçivəsində bölgələrdə olan 150 yuxarı sinif şagirdi və 90 nəfər valideyn və müəllimlər iştirak edib. Təlimlər zamanı uşaqlara erkən nikahlar, onların törətdiyi fəsadlar barəsində məlumatlar verilib.
Layihənin icrası nəticəsində gənclər arasında erkən nikahlarla bağlı lazımi məlumatların verilməsi, onların maariflənməsi, erkən nikahlarla mübarizədə QHT-lərlə məktəblərin imkanlarının birləşdirilməsi, müasir ailə tərzi prinsiplərinin davamlı təbliği, vətəndaş cəmiyyəti institutları ilə yerli dövlət orqanları, özünüidarə orqanları arasında fəaliyyətin koordinasiya edilməsi, lazımi informasiya bazasının yaradılması kimi nəticələr əldə olunmuşdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin