"Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur".
Anmedia.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar:
"O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər.
Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq. Yəni, bir daha demək istəyirəm ki, bu, sırf bizim təşəbbüsümüzdür. Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq".
"Eyni zamanda şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni, bu, əsas faktorlardır. Əlbəttə ki, bu siyasət və mənim bu kateqoriyadan olan insanlarla daim təmaslarım cəmiyyətə də göndərilən çox ciddi siqnaldır. Görürəm ki, cəmiyyətdə də bu kateqoriyadan olan insanlara xüsusi isti münasibət var. O cümlədən biznes strukturları, onlara da mən dəfələrlə müraciət etmişəm ki, bu kateqoriyadan olan insanlara qayğı göstərsinlər, hərəsi imkan daxilində - həm işlə təmin etmək üçün, həm onlara maddi yardım göstərmək üçün. Yəni, özləri bu təşəbbüsü göstərsinlər. Bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı çox düzgün istiqamət var, vahid fikir var. Hər birimiz imkan daxilində bu insanlara daim yardım etməliyik. Atasız qalan uşaqlara yardım etməliyik və edəcəyik", - Prezident İlham Əliyev vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin