27 oktyabr 2022-ci ilin tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə İnstitusional İslahatlar və Yaxşı İdarəçilik üzrə İşçi Qrupun onlayn formatda görüşü keçirilib. Məqsəd QDİƏT-ə üzv dövlətlərin nümayəndələri ilə birgə 2021 – 2023-cü illər üçün müvafiq sahələr üzrə Fəaliyyət Planının müzakirəsi və təsdiqi, həmçinin təcrübə mübadiləsi, əməkdaşlıq şəbəkəsinin gənişləndirilməsidir.
ANmedia.az xəbər verir ki, Dövlət Agentliyi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsinə əsasən QDİƏT-ə üzv ölkələr arasında İnstitusional İslahatlar və Yaxşı İdarəçilik sahəsi üzrə 2021-2023-cü illər üçün İşçi Qrupun əlaqəndirici ölkəsi olaraq seçilib.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirakçıları təşkilatın 30 illik yubileyi münasibətilə təbrik edib, uğurlar arzulayıb. Təşkilatın sədri vəzifəsini icra edən Moldova dövlətinin təmsilçisi və QDİƏT-in baş katibliyi Dövlət Agentliyinə fəal iştirakına və təcrübəsini digər üzv dövlətlərlə bölüşdüyünə görə minnətdarlığını bildirib. Həmçinin 2015 və 2019-cü illərdə “ASAN xidmət”in BMT-nin mükafatına layiq görüldüyü qeyd edilib.
2021 – 2023-cü illər üçün nəzərdə tutulmuş Fəaliyyət Planı və koronavirus pandemiyası dövründə Dövlət Agentliyinin ağıllı həlləri (smart solutions) barədə ətraflı məlumat verilib. QDİƏT-ə Üzv Dövlətlərin nümayəndələri “QDİƏT İqtisadi Gündəlik 2012”nin yenilənməsi ilə bağlı məsələləri müzakirə ediblər və iclasın yekunlarına dair hazırlanmış hesabatı təsdiqləyiblər.
3 noyabr 2022-ci ilin tarixində Dövlət Agentliyi və QDİƏT-in birgə təşkilatçılığı ilə “Dövlət xidmətlərinin səmərəli və vətəndaş yönümlü göstərilməsində elektron hökumətin rolu” mövzusunda vebinar keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin