ANmedia.az xəbər verir ki, Bakı Fotoqrafiya Evində Pakistanın və Azərbaycanın tanınmış fotoqraflarının birgə sərgisinin açılışı olub.
Pakistanın Azərbaycandakı səfirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə sponsorluğu ilə keçirilən sərgi Pakistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilib.
Açılış mərasimində Azərbaycan-Pakistan parlament dostluq qrupunun sədri Qənirə Paşayeva, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Bakıdakı diplomatik korpusun üzvləri, sənətsevərlər və media nümayəndələri iştirak edib.
Açılışda çıxış edən Pakistan səfiri Bilal Hayee münaqişələr və təbii fəlakətlərlə üzləşən ümumi bəşəriyyətə sülh və ümid mesaj göndərmək məqsədi daşıyan sərginin mövzusunun əhəmiyyətini vurğulayıb. Səfir qeyd edib ki, iki qardaş ölkənin incəsənət xadimlərinin birgə təşəbbüsü mədəni əməkdaşlığın və xalqlararası təmasların möhkəmlənməsi istiqamətində müsbət addımdır.
Qənirə Paşayeva və Şahin Seyidzadə də mərasimdə çıxış edərək iki ölkə arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsində bu təşəbbüsləri yüksək qiymətləndiriblər. Azərbaycanlı bloger İradə Qədirova Pakistana son səfəri ilə bağlı təqdimatla çıxış edib.
Qeyd edək ki, sərgi oktyabrın 17-dək davam edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin