Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qazilərin aksiya keçirməsinə münasibət bildirib.
Agentlikdən Anmedia.az-a verilən məlumata görə, bu gün bir neçə müharibə iştirakçısı nazirliyə gələrək onları narahat edən məsələləri diqqətə çatdırıblar.
Qeyd olunub ki, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim nazirlikdə diqqət və qayğı ilə yanaşılır: "Bu dəfə də qazilərimizin hər biri nazirlik əməkdaşları tərəfindən diqqətlə dinlənilib. Müraciətləri əlillik, məşğulluq və s. məsələlərlə bağlı idi. Bununla bağlı onlara bildirilib ki, aidiyyəti qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir. Ötən dövrdə 2763 qaziyə əlillik və proaktiv qaydada sosial ödənişlər təyin edilib.
Müvafiq qanunvericilikdəki meyarlara uyğun olduğu, orqanizmin funksional pozuntuları yarandığı halda əlillik təyinatı aparıldığı qazilərimizin diqqətinə çatdırılıb. Həmçinin e-sistemə barəsində göndəriş və şəhadətnamə daxil edilmiş hər bir qazinin əyani müayinəyə çağırıldığı və bu sahədə heç bir şəxsin diqqətdən kənarda qalmadığı vurğulanıb. Qəbul zamanı müharibə iştirakçılarının məşğulluq, sığorta ödənişi ilə bağlı müraciətləri ilə bağlı da onlara izahatlar verilib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin