İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson ilə görüşüb.
ANmedia.az xəbər verir ki, görüşdə COP29 tədbirləri və Dünya İqlim Fondu ilə tərəfdaşlıq müzakirə olunub.
Görüşdə qeyd edilib ki, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 ölkəmizin dünyada iqlim problemlərinin həllinə, “yaşıl artım” amilinə böyük önəm verdiyini göstərir. Görüş zamanı vurğulanıb ki, bu istiqamətdə müvafiq beynəlxalq qurumlarla, o cümlədən, Dünya İqlim Fondu ilə səmərəli əməkdaşlıq əhəmiyyət kəsb edir. Ölkəmizdə energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun şəkildə inkişafı barədə məlumat verilib, “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə tədbirlərin reallaşdırılmasına xüsusi diqqət göstərildiyi bildirilib.
Tərəflər COP29 tədbirləri və Dünya İqlim Fondu ilə tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.
Bildirək ki, rəsmi görüşdə həmçinin Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə də iştirak edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin