Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.
Bu barədə ANmedia.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
C.Bayramov Azərbaycanın NATO ilə əməkdaşlığın, xüsusilə cari ildə 30-cu ildönümü tamam olan “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən birgə fəaliyyətin daha da inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb. Beynəlxalq sülh və təhlükəsizliyə töhfəyə istiqamətlənən əməkdaşlığın eyni zamanda müvafiq sahə üzrə islahatlar, təkmilləşdirmə və ixtisasartırma fəaliyyətində öz əksini tapdığı qeyd edilib.
Cari ildə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə hazırlıq prosesindən bəhs edən nazir COP29 irsinin iqlim dəyişikliyi təhlükəsinə mübarizəyə töhfə olması üçün aidiyyəti tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Azərbaycan XİN başçısı həmçinin postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, aparılan fəaliyyətin qarşısında dayanan ən böyük çağırışlardan biri olan mina təhdidi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib. Vətəndaşların, eləcə də aparılan yenidənqurma işlərinin təhlükəsizliyinə hədə törədən mina problemi ilə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyinin əhəmiyyəti vurğulanıb. Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şəraitin mövcudluğu, bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün ölkənin davamlı səylər göstərdiyi diqqətə çatdırılıb.
Y.Stoltenberq Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində bir çox sülhməramlı missiyalarda nümunəvi fəaliyyətinin təqdirəlayiq olması ilə yanaşı, ölkənin NATO bölgəsinin enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyətindən bəhs edib. Xüsusilə cari ildə Azərbaycanın COP29 sədrliyinin enerji təhlükəsizliyi ilə iqlim dəyişikliyi ilə mübarizə sahələri arasında sinerjiyə töhfə verəcəyinə dair inam ifadə olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin