Dünən dekabrın 21-də Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilmiş oyun həm idman tariximizdə, həm də ölkəmizin ümumi tarixində əlamətdar gün idi.
Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş bu unudulmaz hadisə işğaldan azad edilmiş ərazilərimizdə keçirilmiş ilk futbol matçı kimi yadda qaldı.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunu qəhrəman şəhidlərimizin uşaqlarının və ailə üzvlərinin əhatəsində seyr etməsi şəhidlərimizin ruhuna ehtiramın göstəricisi və vətənpərvərlik nümunəsidir.
Bu futbol matçının Xankəndidə keçirilməsinin isə çox böyük mənası var. Çünki Xankəndi qədim Azərbaycan diyarıdır.
Oyundan əvvəl çıxış edən Prezident İlham Əliyev bir daha tarixi həqiqətlər barədə danışaraq bildirdi ki, Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Son 30 il ərzində isə Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibi Azərbaycan xalqıdır.
Üç ay bundan əvvəl Xankəndinin işğaldan azad edilməsi məqsədilə keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır.
Ölkə başçımız çıxışında qeyd etdi ki, Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.
Prezident İlham Əliyev çıxışında onu da vurğuladı ki, “Qarabağ” və Bakının MOİK komandalarının oyununun nəticələrindən asılı olmayaraq, qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Çünki Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Millət vəkili Jalə Əhmədova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin