Probasiya fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının yüksəldilməsi məqsədilə ardıcıl təlimlər davam etdirilir.
ANmedia.az xəbər verir ki, bu günlərdə Probasiya Xidmətində Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistik informasiya və Kriminalistik tədqiqatlar idarələri ilə birgə növbəti təlim keçirilib.
Təlim Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydalarına, cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına, dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair təlimatlarının icrası xüsusiyyətlərinə həsr olunub.
İki gün davam edən təlimdə xidmətin əməkdaşlarına cinayət törədən şəxslər barədə mərkəzləşdirilmiş kriminal uçotun aparılması, uçot sənədləri və kartotekaların formalaşmasını təmin edən məlumatlar, onların göndərilmə qaydaları, şəxslərin dövlət daktiloskopik və genom qeydiyyatından keçirilməsi, habelə bu sahədə probasiya qurumlarının vəzifələrinə dair mövzular tədris edilib.
Həmçinin praktiki məşğələ keçirilərək yol verilən xarakterik qüsurlar diqqətə çatdırılıb, təcrübədə rast gəlinən çətinliklər və onların aradan qaldırılması yolları ətraflı müzakirə edilərək lazımi tövsiyələr verilib, qeyd edilən təlimatlara dönmədən əməl olunması, bu sahədə işin daha səmərəli təşkili tapşırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin