Laçın Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Bu barədə ANmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib.
Baş prokuror bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycanın nəzarətinə verilənədək Ermənistanın aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilmiş və istismara yararsız vəziyyətə salınıb.
Qeyd olunub ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 8-nə isə müxtəlif həcmli zərər vurulub. Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər vurulub.
Vurğulanıb ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycanın vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulub, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib.
Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib.
Xatırladaq ki, iyunun 22-də Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Laçın şəhərinə gedib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin