Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, “Heydər Əliyev ili” çərçivəsində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, millət vəkili Bəxtiyar Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmiş abidəsi ziyarət edilmiş, önünə tər gül dəstələri düzülmüşdür. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycanın dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, müstəqil Azərbaycanın dünya məkanında öz layiqli yerini tutmasından, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiya sayəsində respublikamızın ittifaqın aparıcı dövlətlərindən birinə çevrilməsindən söhbət açmış, 1993-2003-cü illərdə Ulu öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən, beynəlxalq aləmdə nüfuzunun artmasından bəhs ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin