"Azərbaycan öz ərazisində Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısını almaqda qərarlıdır".
ANmedia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərə cavab olaraq deyib.
Onun sözlərinə görə, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən heç bir güc tətbiq olunmadan müvafiq nəzarət tədbirləri görülməsinin Ermənistanın baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir:
"Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirən Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısının alınması Azərbaycanın suveren hüququdur və Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır. Bununla yanaşı, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin