8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, qüdrətinin və qürurunun təntənəsidir
44 günə 30 illik həsrətə son qoyaraq əzəli və əbədi yurdumuz olan Qarabağı bizə qovuşduran, rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə 8 noyabr “Zəfər Günü” günü kimi təsis edilmişdir.
Biz bu gün şanlı, parlaq qalibiyyəti mərd, cəsur, qeyrətli və vətənpərvər igid övladlarımızın sayəsində qeyd edirik. Bu müqəddəs amal uğrunda şəhadətə yüksələn, öz sağlamlığını itirərək qazi olan oğullarımızla fəxr edir, qürur duyuruq. Çünki qəhrəman igidlərimiz dövlətimizin ərazi bütövlüyü və süverenliyi uğrunda öz canlarını heçə sayıb qurban verdilər.
Əlbətdə şəhidlər ölmür, onlar sadəcə fiziki olaraq bizim yanımızda deyillər, amma inanın ki, hər bir azərbaycanlının qəlbində hər zaman yaşayacaqlar. Nə qədər Azərbaycan var, şəhidlərdə var. Deməli onlar əbədi olaraq var olacaqlar.
Düşmən 30 ildə cənnət Qarabağda sanki ekoloji terror törədib, bütün binalar, yaşayış evləri, infrasturuktur obyekləri və digər tikililər, hətta ağaclar belə yerindən sökülərək viran hala salınmışdır. Bu qələbə ilə bizim təkcə torpaqlarımız deyil, mədəni-dini irsimiz də erməni vandallarının əsarətindən qurtuldu. Bütün mədəni abidələrimiz, məscidlərimiz, qəbirlərimiz düşmən tərəfindən yerlə-yeksan olunmuşdur.
Biz erməni işğalına son qoymaqla həm öz ərazi bütövlüyümüzü, həm də beynəlxalq hüququ bərpa etdik.
Azərbaycan dövlətinin və xalqının qüdrətinin rəmzinə çevrilmiş bu qələbəni ölkənin hər bir güşəsində böyük sevinc və fəxarətlə qeyd edirlər. Hər birimiz çox xoşbəxt vətəndaşlarıq ki, bu tarixi zəfərin canlı şahidləriyik.
Indi artıq yeni dövr başlayıb, Qarabağ çiçəklənir, inkişaf edir. Qarabağda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Cənnət diyar öz əvvəlki görkəminə qayıdır, yeni kəndlər, qəsəbələr və sosial obyektlər tikilib insanların istifadəsinə verilir. Demək olar ki, ay ərzində bir neçə dəfə ölkə rəhbəri işğaldan azad edilmiş rayonlara səfər edərək, yeni təməlqoyma mərasimlərində iştirak edir.
Qeyd edim ki, bütün bu işləri dövlətimiz öz gücünə, heç kimdən kömək almadan çox qısa zaman ərzində sürətli şəkildə həyata keçirir.
Əminik ki, Qarabağın azadlığı uğrunda “Dəmir yumruq” kimi səfərbər olan xalqımız, Qarabağın bərpasında da eyni əzmi və iradəni sonacan nümayiş etdirəcəkdir və necəki etdirir.
Qələbədən sonra yeni reallıqlar yaradan Azərbaycan güclü və qüdrətli dövlət olaraq böyük nəqliyyat-kommunikasiya və enerji layihələrinə ev sahibliyi edir. Regionun söz sahibi kimi hər bir dövlət bizimlə razılaşır və ən asası bu layihələr həyata keçirilərkən milli maraqlarımız nəzərə alınır.
Hər bir Azərbaycan vətəndaşı ölkəmizin qazandığı bu möhtəşəm uğurları təhlil etməli və dövlətimizin müstəqilliyi və inkişafı üçün var gücü ilə çalışacağına söz verməlidir.
Zəfər bayramınız mübarək olsun!
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin