“Ermənistanın revanşist addımları sülh prosesinə tamamilə ziddir”
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır.
Azərbaycan isə hər zaman Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Dövlətimiz Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan sülh təşəbbüslərinə adekvat cavab vermir. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə bütünlə əngəl olduğunu növbəti dəfə sübut edib. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur.
Son günlər baş verən gərgin hadisələr zamanı da Azərbaycan Ordusu qətiyyətlə düşmən təxribatının qarşısını alıb, torpaq bütünlüyümüz uğrunda döyüşüb. Bu yolda şəhid olan igidlərimiz və və yaralılarımız da var. Ancaq qalib məğrur döyüşçülərimiz şəhidlərimizin qanını yerdə qoymayıb, qisaslarını alıblar.
Artıq uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını qəsdən pozur, regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları pozur. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.
Bu gün Ermənistanın havadarları Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Fransanın BMT Təhlükəsizlik Şurasında sərhəd gərginliyini müzakirəyə çıxarması, bəzi ölkələrin Ermənistanı dəstəkləyən açıqlamaları buna sübutdur.
Halbuki bu ölkələr 30 ildir erməni işğalına susurdular. Təəssüflər olsun ki, radikal müxalifət nümayəndələri də bu ölkələrin maraqlarından çıxış edirlər. Belə ki, bu hadisələrdən özləri üçün siyasi dividend qazanmağa çalışırlar. Belə bir dövrdə xaricdən maliyyələşən ünsürlərin, eləcə də, özünü müxalif adlandıranların Ermənistanı açıq aşkar dəstəkləyən açıqlamaları xalqımıza xəyanətdir. Azərbaycan xalqı belə münasibəti qəbuledilməz hesab edir və bu insanları heç zaman bağışlamayacaq.
Hesab edirəm ki, Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır.
Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatların qarşısını Azərbaycan Ordusu qətiyyətlə alacaqdır. Vətənini bütövlüyü uğrunda canından keçən igid oğulların ruhları qarşısında baş əyirik, onlarla fəxr edirik! Vətən sağ olsun!
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin