Tarixin inkişafı prosesində hər bir xalqın taleyində böyük şəxsiyyətlərin müstəsna xidmətləri olur. Belə şəxsiyyətlərin yalnız doğum tarixi olur, illər və əsrlər ötsə də bu şəxsiyyətlər xalqın tarixində və milli yaddaşında əbədi yaşayırlar. Öz əməlləri ilə xalqın, dövlətin salnaməsində silinməz izlər buraxır, milləti və dövləti xilas edirlər.
Müasir Azərbaycanın tarixində belə bir şəxsiyyət heç şübhəsiz ki, Heydər Əliyevdir!
1993-cü ildə ”Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan dövlətçiliyi və xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dövrün diktəsi idi.
1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi. Heydər Əliyev o dövrdə 1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı.
Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu. Nəzərə alsaq ki, milli azadlığa gedən yol məhz milli oyanışdan, milli dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa ehtiyac qalmır. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmağa yönəlmiş, xarici siyasətinin əsasını isə sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Onun sülhsevər xarici siyasətinin əsasında ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması dayanırdı. Bu prinsipləri çox məharətlə həyata keçirən Ümummilli Lider Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı onu dünya siyasətinin tamhüquqlu subyektinə çevirdi.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir!” ideyası Azərbaycanın yeni dövlətçilik konsepsiyasının təməlini qoydu.
Heydər Əliyev hər dəfədində Dağlıq Qarabağ münaqişəsini beynəlxalq müstəviyə çıxararaq, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edirdi.
Artıq Qarabağ azaddır! Heydər Əliyev siyasi kursunu davam etdirən, yeni şəraitin, müasir dünyamızda gedən proseslərin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirən Prezidentimiz cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu.
Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir!
Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışında demişdir. "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"
Vəli Vəliyulla,
Xəzər Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və Humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin