Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yüksək inkişaf dövrünü yaşayır. Onun başçılığı ilə həyata keçirilən uğurlu siyasət nəticəsində hazırda Azərbaycanın hərtərəfli dayanıqlı inkişafı təmin edilib. Dövlət başçısının son illər ərzində həyata keçirdiyi islahatlar müxtəlif sahələrin inkişafına əhəmiyyətli təkan verib.
Xüsusən qəbul olunmuş Dövlət Proqramlarının və onların müsbət nəticələrini qeyd etmək labüddür. Dövlət Proqramının icrası nəticəsində son illərdə bütün rayonların sosial-iqtisadi inkişafının şahidi oluruq. Belə ki, regionlarda böyük infrastruktur layihələri icra edilib, uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb. Eyni zamanda Dövlət Proqramlarının icrası hər bir rayonun sosial-iqtisadi inkişafına da böyük töhfə verib. Bu inkişafa rayonların elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələrinin icrasını sübut göstərə bilərik. Həmçinin hər bir rayonda müasir xəstəxana, məktəblər, bağçalar və s. inşa edilib, yeni iş yerlərinin yaradılmasına diqqət ayrılıb.
Dövlət başçısının regionlara olan diqqəti ancaq sosial-iqtisadi inkişafla küfayətlənmir, eyni zamanda təyin edilən icra başçılarının öz vəzifələrini vicdanla və layiqincə yerinə yetirməsini onlardan tələb edir. Hər zaman qanunların üstünlüyünü diqqətə çatdıran Azərbaycan Prezidenti Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyəti başçılarını təyinat münasibətilə qəbul edərkən də bu yöndəki qətiyyətli mövqeyini bir daha təkrarlayıb. Prezident bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini, onlardan bəziləri haqqında məhkəmələrin hökm verdiyini və bəzilərinin işləri məhkəmədə olduğunu bildirərək heç kimin qanundan üstün olmadığını vurğulayıb.
Dövlət başçısı bir daha ölkəmizdə aparılan islahatların, xüsusən kadr islahatlarının davam edəcəyini qeyd edib və islahatların əsas hədəflərini bəyan edib. Eyni zamanda yeni kadrlardan gözləntilərini açıq və birmənalı surətdə ifadə edib. Prezident bildirib ki, icra başçılarını daim insanlarla təmasda olmalı, problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidirlər. Hər bir dövlət məmuru öz vəzifəsinə yüksək məsuliyyətlə yanaşmalıdır. Xalqın yanında olmalı, diqqət göstərməli, şəhid ailələrinə xüsusi diqqət və həssaslıqla yanaşmalı, rüşvətxorluğa qarşı amansız mübarizə aparmalı, kadr seçiminə çox diqqətlə yanaşmalıdırlar. Bunlar çox önəmli məsələlərdir.
Dövlətin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri də vacib amildir. Məmurlar unutmamalıdır ki, onlar xalqın xidmətçisidir və xalq üçün işləyirlər. Eyni zamanda icra hakimiyyəti başçılarının öz fəaliyyətlərində sosial ədalət prinsipinə riayət etməlidirlər. Ümumiyyətlə ədalətli cəmiyyət dayanıqlı inkişaf və sağlam gələcək deməkdir. Sosial ədalət isə hər zaman cəmiyyətdə əsas prinsiplərdən biri olub. Cəmiyyətimizdə həmrəyliyin möhkəmlənməsi baxımından da sosial ədalət zəruri şərtdir.
Bu gün ölkəmizdə kadr məsələlərinə yenidən baxılır, bu yöndə ciddi islahatlar həyata keçirilir, təmizləmə işləri aparılır. Hər bir məmur da öz növbəsində bu prosesə səmərəli dəstək olmalı və vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməlidir. Daim inkişaf edən və dəyişən dünya güclü olmağı tələb edir. Güclü və müstəqil Azərbaycan naminə isə hamımız bir vətəndaş kimi səfərbər olmalıyıq.
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin