Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin etdiyi yeni başçıları Araz Əhmədov, Əkbər Abbasov və Elvin Paşayevi vəzifəyə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında bütün ölkə əhalisini maraqlandıran mesajlar verib.
Prezident İlham Əliyev ilk öncə qəbul olunmuş Dövlət Proqramlarının müsbət nəticələrini qeyd edib. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldüyünü, böyük infrastruktur layihələri icra edildiyini və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qalxdığını qeyd edib. Dövlət Proqramlarının icrası rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verib. Belə ki, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib.
Dövlət başçısı infrastruktur layihələrinin davamlı icra olunduğunu qeyd edərək, sovet dövründən qalma problemlərin də həllini tapdığını bildirmişdir.
Prezident İlham Əliyev yeni iş yerlərinin yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu məsələdə yeni infrastruktur layihələrinin rolunu diqqətə çatdırmışdır. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Dövlətlə yanaşı sahibkarların da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak etdiyini qeyd edən cənab Prezident bu ənənənin davam etdirilməsini tövsiyə edib.
Ölkə əhalisinin artdığını bildirən Dövlət Başçısı Azərbaycan müstəqilliyə qovuşanda əhalinin sayının 7 milyondan bir qədər çox olduğu halda, bu gün 10 milyonu keçdiyini bildirib. Bu isə təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın.
Qanunların üstünlüyünü vurğulayan Prezident bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini, onlardan bəziləri haqqında məhkəmələrin hökm verdiyini və bəzilərinin işləri məhkəmədə olduğunu bildirərək heç kimin qanundan üstün olmadığını vurğulayıb.
İcra başçılarını daim insanlarla təmasda olmağa, problemləri onların dilindən eşitməyə və imkan daxilində bu problemləri həll etməyə dəvət edən cənab Prezident bu yolla hər bir kəndin probleminin həll oluna biləcəyini diqqət şəkib. Bunun nəticəsində ölkədə insanları narahat edən ciddi problem qalmayacağını bildirib.
Prezident İlham Əliyev icra başçılarının öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməli olduğunu bildirərək sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biri olduğunu qeyd edib. “Sağlam cəmiyyətdə ədalət hökm sürür. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bunun nəticəsidir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu”.
Sosial ədaləti qeyd edən dövlət başçısı Şəhid ailələrinə xüsusi diqqət göstərilməli olduğunu vurğulayıb. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır.
Prezident İlham Əliyev qeyd edib ki, heç kəs azad edilmiş torpaqlarımıza bayrağımızı sancanların qəhrəman əsgər və zabitlərimizin olduğunu unutmamalıdır. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Buna görə onlara arxa, dayaq olmaq hər bir dövlət məmurunun və hər bir insanın borcudur.
Bəzi hallarda sahibkarlara qarşı qanunsuz, əsassız tələblər irəli sürüldüyünü bildirən dövlət başçısı icra başçılarının sahibkarları rayonlara cəlb etməli olduqlarını qeyd edib. Cənab Prezident xüsusilə də Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialını nəzərə alaraq bu rayonları turizm mərkəzinə çevirməyi əsas vəzifələrdən biri kimi müəyyən edib. “Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonaları, otel kompleksləri inşa edilib. Bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Həmin yol indi əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var”.
Dövlət başçısı hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar olduğunu qeyd edib. Bu imkanlardan maksimum istifadə edilməsi üçün müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalı, müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etdirilməli, bu zaman torpaqlardan səmərəli istifadə edilməlidir. Görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq.
Torpaqların qanunsuz zəbt edilməsi prosesinin geniş vüsət aldığını qeyd edən cənab Prezident bu halın təkcə regionlara aid olmadığını, Bakı şəhəri və Abşeron yarımadasında da belə halların olduğunu bildirib. “Torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır”.
Dövlət başçısı idarəetmədə çox ciddi islahatlarla yanaşı çox böyük təmizləmə işləri aparıldığını qeyd edərək bunun insanlar tərəfindən qiymətləndirildiyini qeyd edib.
Prezident İlham Əliyev qanunsuz işlərlə məşğul olmaq istəyənlərin cəzalandırılacağını, kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə salmasına yol verilməcəyini qeyd edib. “Rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır. İcra başçıları ictimai nəzarətdən çəkinməməlidir. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi fəaliyyəti daha effektiv edəcəkdir”.
Sonda Dövlət Başçısı Azərbaycanın çox böyük perspektivlərinin olduğunu, İkinci Qarabağ Müharibəsindəki tarixi Zəfərdən sonra inkişaf imkanlarının artdığını və bundan səmərəli istifadə edilməsini bir vəzifə olaraq müəyyənləşdirib.
Rəvan Nüsrətli,
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin