Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri, eləcə də mədəniyyət bağlılığı tarixin dərin qatlarına gedib çıxır. Bildiyimiz kimi, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyib. Xüsusilə özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alması, Nizamiyə böyük qiymət verərək, onu “şairlərin şahı” adlandırması bu tarixi qardaşlıq bağlılığının əyani parlaq nümunəsidir.
Digər tərəfdən Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər dahilərinin əsərləri tərcümə edilərək hər zaman özbək ədəbi-mədəni mühitində təbliğ olunub. Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsinin ucaldılması ortaq mədəni mirasa malik hər iki xalqın bir-birinə verdiyi dəyərin bariz nümunəsidir. Sevindirici haldır ki, hazırda eyni ortaq dəyərlərə sahib olan Azərbaycan və Özbəkistan arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.
Hələ Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Lakin müstəqilliyimizin ilk illərində xalqlarımız arasındakı münasibət Azərbaycandakı siyasi hakimiyyətin yetərincə buna diqqət yetirməməsi səbəbindən kifayət qədər qənaətbəxş deyildi. Daha sonra xalqın siyasi iradəsi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin iki qardaş xalq arasındakı əlaqələri inkişaf etdirdi. Ümummilli lider Özbəkistanla münasibətlərin möhkəmlənməsinə hər zaman xüsusi önəm verib. Ulu öndərin 1997-ci ildə Özbəkistanın paytaxtına səfəri isə iki ölkə arasında münasibətlərin inkişafını daha da sürətləndirib. Xatırladım ki, həmin səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında imzalanan 19 sənədin icrası ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirib.
Bu əlaqələr müxtəlif dövrlərdə hər iki ölkənin rəhbərləri tərəfindən dəfələrlə qaşılıqlı səfərlər çərçivəsində davam edib.
Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri çərçivəsində həmkarı Şavkat Mirziyoyevlə görüşü, aparılan müzakirələr, iki ölkə arasında 20-yə yaxın sənədin imzalanması, Prezidentimizin bir sıra mərasimlərdə iştirakı iki dost ölkə arasında münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır. Gələcəyin əsas hədəfi isə Azərbaycan və Özbəkistan arasındas əlaqələri daha da gücləndirməkdir. Türk dövlətlərinin birliyi kontekstində dövlətimizin başçısının bu səfəri tarixi səfər kimi dəyərləndirilməlidir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin birgə səyi ilə Özbəkistan ilə Azərbaycan arasında münasibətlər açıq, geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi, parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq fəallaşıb. Budəfəki danışıqlar da göstərdi ki, iki ölkə xalqlarının mənafeyi naminə indiyədək səmərəli qarşılıqlı fəaliyyət bundan sonra da hərtərəfli möhkəmləndirməyə böyük zəmin hazırlayıb.
Dövlət başçısının səfəri zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığını da keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” isə xüsusi əhəmiyyət kəsb edir. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub. Bütövlükdə, qarşıya qoyulan hədəflər türk birliyinin daha da güclənəcəyini təsdiqləyir.
Eyni zamanda qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib.
Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub.
Əminik ki, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.