Müstəqilliyimizin ilk illərində ölkədə daxili və xarici qüvvələrin təsiri ilə pərakəndəlik yaranması, torpaqlarımızın itirilməsi, müstəqilliyimizin təhlükə altında qalması Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edən amillərdən idi. Xalqın və ölkənin qarşıya çıxan çətin problemlərin həlli, xilaskarlıq missiyasının yerinə yetirilməsi üçün düzgün bir idarəçiyə, liderə ehtiyacı var idi və ümummilli lider xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyun tarixində Ali Sovetinin sədri seçildi. Həmin ilin 24 iyun tarixində Azərbaycan Parlamentinin iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi.
Dahi lider hakimiyyətə gəlişinin ilk günlərindən parlamentarizm sisteminə, ənənələrinə daha çox üstünlük verdi. Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsinə gəlməsi ilə parlamentə yeni ruh, yeni nəfəs gəldi. Dahi şəxsiyyətin iclasları aparma bacarığı, düzgün qiymətləndirmə qabiliyyəti, vətənə sadiqliyi və peşəkarlığı onun liderlik potensialının əsasını təşkil edirdi.
Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Lakin bu yalnız başlanğıcdı.
Azərbayan dövlətinin tarixində mühüm rol oynayan hadisə, Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi bağlı hadisə parlamentin 24 iyun tarixli iclasında gerçəkləşdi. Ona görə də 24 iyun ədalətin və milli iradənin zəfər çaldığı gündür.
Qısa müddət ərzində ölkənin inkişafı üçün böyük işlər görmüş Heydər Əliyev Azərbaycanın neft ixrac edən ölkələrdən birinə çevrilməsinə nail oldu. Ölkəmiz ümummilli liderin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu dövlətlərdən birinə çevrildi. Onun uğurlu daxili və xarici siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan nefti Avropa ölkələrinə ixrac edildi. Heydər Əliyevin rəhbərliyi ilə xarici ölkələr, beynəlxalq şirkətlər və digər investorlar tərəfindən ölkəmizdə müəyyən sahələrə investisiyalar edilməyə başladı. Bazar iqtisadiyyatına, sahibkarlığa xüsusi diqqət ayrıldı.
Ölkədə hər zaman hüququ dəyərlər, qanunun aliliyinə xüsusi önəm verən Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Konstitusiyası qəbul edildi, demokratik inkişafla bağlı yeni qərarlar, qanunlar qəbul edildi. İctimai-siyasi sabitliyin bərpası və vətəndaş cəmiyyətinin quruculuğu istiqamətində müəyyən işlər görüldü.
Sovet İttifaqından müstəqilliyini elan etmiş kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
Ümummilli lider Heydər Əliyev hər zaman öz xalqına güvənirdi, xalq da eyni zamanda öz liderinə etibar edirdi, etimad göstərirdi. İnkişaf etmiş və güclü dövlətin qurulmasına səbəblərdən biri də xalqın və dahi liderin birliyi idi. Azərbaycan xalqı Heydər Əliyevin dövlətin maraqlarını qoruyacağına, inkişafı üçün ən düzgün qərarları verəcəyinə inanırdı.
Vahid Qardaşov,
Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin - mühəndisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin