70 ildən artıq bir müddətdə SSRİ əsarətində qalan Azərbaycan xalqı 90-cı illərin əvvəlində müstəqilliyini elan etdi. Lakin uzun illər müstəmləkə şəraitində yaşayan bir xalqın "özünü idarə sistemi"nin möhkəm qurması nə qədər çətin və məsuliyyətli olması məlum idi.
Digər bir tərəfdən də xain erməni qəsbkarlarının əzəli torpaqlarımıza işğal planları Azərbaycan xalqı üçün əsl imtahan dövrü sayılırdı. Eyni zamanda Sovet təfəkkürlü bəzi işbazların hakimiyyət uğrunda ağlagəlməz mübarizəsi xalqımızı uçuruma aparır, torpaqlarımızın parçalanmasına gətirib çıxarırdı. Belə acınacaqlı vəziyyətdə xalq öz müdrik liderini seçməklə, bu cür vəziyyətdən çıxış yolunun astanasında dayanmış oldu.
Hələ 21 noyabr 1992-ci ildə Naxçıvanda 550 nəfərlik təşəbbüs qrupunun iştirakı və Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ilk konfransı baş tutdu. 18 dekabr 1992-ci ildə YAP Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmaqla, H. Əliyev partiyanın qurucusu və sədri seçildi.
Gündən-günə öz sıralarını genişləndirən YAP Azərbaycan xalqının etibarını qazanaraq seçkilərdə öz namizədləri ilə təmsil olunmağa başladı. Müxalifət partiyası olaraq yaradılmış YAP 1995-ci ildə ilk dəfə parlament seçkilərində qalib gəlməklə xalqın iqtidar partiyasına çevirilmiş oldu. Artıq parlamentdə 125 deputatın böyük əksəriyyəti YAP-ın namizədləri tərəfindən təmsil olunur. Partiyanın namizədləri prezident seçkilərində də xalqın etimadını qazanaraq 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə ardıcıl olaraq altı dəfə prezident seçkilərində yekdilliklə qalıb gəlmişdir.
İlbəil öz sıralarını artıran YAP-ın 760 mindən çox üzvi var. Son illərdə partiyanın və hakimiyyətin fəaliyyəti xalqın etimadını qazanması üçün bir daha təkan oldu. Xüsusilə onu da qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsi ərəfəsində "Xalq-hakimiyyət birliyi"nin sübutu olaraq 30 ilə yaxın dövrdə işgal olunmuş torpaqların azad olunması bir daha Ümummilli lider siyasi kursunun davamının mükəmməl qurulduğunun bariz nümunəsidir. Bu hadisə xalqın hakimiyyət ətrafında birləşməsinə daha da stimul vermiş oldu. YAP üzvlərinin sayı günbəgün artmaqda davam edir. Artıq Azərbaycan xalqı bir yumruq kimi birləşib, bütün sahələrin inkişafını dayanıqlı qurmaqla yanaşı azad olunmuş torpaqlarda qurub-yaratmaqda davam edir.
Şahin Cəfərov,
Füzuli rayon 56 nömrəli tam orta məktəbin direktoru
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin