Martın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Anmedia.az xəbər verir ki, bu abrədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, spiker Sahibə Qafarova, onunla əvvəlki görüşlərini məmnunluqla xatırladıb. O, Emma Nikolsonun ölkəmizə bir neçə dəfə səfər etdiyini vurğulayaraq, bu səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. Bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu söyləyən Milli Məclisin sədri iki ölkə arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.
Sahibə Qafarova ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərin müsbət rolunu vurğulayaraq, qeyd edib ki, ali qanunverici orqanlarımızın üzvləri arasında xoş münasibətlər mövcuddur. Bu münasibətlər parlamentlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığımızda özünü büruzə verir. Hər iki ölkə parlamentlərində İşçi qrupları uğurla fəaliyyət göstərirlər.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək, 30 il ərzində ikitərəfli əlaqələrdə əldə olunmuş nailiyyətlərdən danışıb. O, həmçinin, parlamentləarası münasibətlərin də uğurlu inkişafından razılığını bildirib, deputatlarımızın Avropa Şurası Parlament Assambleyası çərçivəsində əməkdaşlığını qeyd edib.
Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra regionda yaranmış yeni vəziyyət, azad olunmuş ərazilərimizdə aparılan geniş bərpa və quruculuq işləri haqqında da məlumat verilib. Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş əraziləridə öz imkanları hesabına genişmiqyaslı infrastrukturun yaradılması, yeni müasir yolların salınması, elektrik enerjisi ilə təminat işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənməsi istiqamətində də tədbirlər həyata keçirir. Bu işlər məcburi köçkünlərin öz yurd-yuvalarına təhlükəsiz şəkildə qayıtması üçün çox vacibdir.
Görüşdə həmçinin ölkələrimiz arasında iqtisadi, ticarət, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir
mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin