Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Xəzər Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu “İmam Həsən” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Xəzər rayonunda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. İftar mərasimində şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
ANmedia.az xəbər verir ki, mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.
Çıxışlar zamanı Ramazan ayının dini, mənəvi və sosial mahiyyətindən söhbət açılıb, xeyirxahlıq və mərhəmət ayı olduğu vurğulanıb. Tədbirdə iştirak edən şəhid ailələri üzvləri çıxışları zamanı ölkə başçısı tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə ediblər.
Həmçinin mərasimin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmiş müqəddəs “Qurani-Kərim” kitabları şəhidlərimizin ailə üzvlərinə hədiyyə edilib.
Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Ramazan ayı müddətində Mingəçevir, Sumqayıt, Naxçıvan şəhərlərində də şəhid ailələri və qazilər üçün iftar süfrələri təşkil edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin