Füzuli rayonunun Əhmədbəyli kəndində “Ölümə qənşər-2” bədii-sənədli filminin təqdimatı keçirilib.
ANmedia.az xəbər verir ki, film döyüşçü Qamət İnşallahlı və onun ailəsinə həsr edilib.
Təqdimat mərasimində Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova, Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Zalovun atası Amil Zalov, Birinci Qarabağ müharibəsi veteranı Əlövsət Məmmədov, Vətən müharibəsi qazisi Anar Azadov və başqaları çıxış ediblər.
Bildirilib ki, film Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bir yumruq kimi birləşərək torpaqlarımızın azadlığı uğrunda hər bir ailənin, vətən övladının göstərdiyi şücaətdən bəhs edir.
Qeyd olunub ki, bu Zəfəri bizə qazandıran, canlarını Vətənə bağışlayan şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Tarix yazan igidlərimizin hər biri haqqında film çəkmək, kitab nəşr etdirmək və gələcək nəsillərə ötürmək qarşıda duran vəzifələrdir.
Hazırda Qamət İnşallahlı azadlığı uğrunda döyüşdüyü torpaqlarda aparılan quruculuq işlərində fəallıq göstərir. O, “Azərişıq” ASC-də yüksək gərginlik xətti üzrə elektrik ustası işləyir və müharibə meydanında ölümün gözünə dik baxaraq vuruşduğu kimi, bu riskli sahədə də qorxmadan çalışır.
Xatırladaq ki, “Ölümə qənşər-2” bədii-sənədli filmi “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.