Stokholmun mərkəzində yerləşən “Zorakılığa qarşı” abidəsinin önündə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Diaspora Komitəsindən anmedia.az-a verilən məlumata görə, Azərbaycanın İsveç Krallığındakı səfirliyinin əməkdaşlarının və diaspor fəallarının qatıldıqları tədbir 20 Yanvar şəhidlərinin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov və başqaları 32 il öncə SSRİ rəhbərliyinin əmri əsasında baş verən qanlı və qəddar cinayəti ölkəmizin ərazi bütövlüyünün qorunmasını tələb edən və tankların qarşısına əliyalın çıxan xalqımıza qarşı qəsd adlandırıblar. 20 Yanvar hadisələrinin Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi qaldığı, həmin dövrdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsinin tarixi əhəmiyyəti, xalqımızın başına gətirilən müsibət haqqında məlumatın dünyaya çatdırılmasında və ilkin qiymətin verilməsində böyük rol oynadığı nəzərə çatdırılıb.
“Zorakılığa qarşı” abidənin önündə tədbir keçirməyin rəmzi məna daşıdığına diqqəti cəlb edən səfir deyib: “Bu gün burada bir daha bildirmək istəyirəm ki, ölkəmiz dincliyə və sabitliyə əsaslanır, bu siyasət gələcəkdə də bizim təməl prinsipimiz olaraq qalacaq”.
Tədbir Azərbaycanın İsveç Krallığındakı səfirliyində 20 Yanvar hadisələrindən bəhs edən videoçarxın nümayiş olunması ilə davam edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin