ANmedia.az xəbər verir ki, 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olan Xudayar Yusifzadə oktyabrın 22-də Hadrut qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.
O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub.
Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb.
Tovuz döyüşlərindən sonra könüllü olaraq Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin