Millətimizin Böyük Zəfərini həzm edə bilməyən düşmənin davamlı xəyanətkar hərəkətlərinin son pik nöqtəsi kimi, dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan yeddi igid övladından biri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu yaşadığı Gəncə şəhərində son mənzilə yola salınıb.
Dəfn ərəfəsində Gəncənin Cavad xan küçəsinə, şəhidin yaşadığı ünvana, onun xatirəsinə ehtiram göstərmək üçün minlərlə insan gəlmişdi.
Şəhərin ən yaraşıqlı güşələrindən olan bu küçə öz tarixi boyu belə bir izdiham yaşamamışdı. 32 yaşlı şəhidin cənazəsi insan selinin müşayiəti ilə Gəncənin Şəhidlər xiyabanına, son mənzilə yola salındı. Şəhidlərimizin dəfn olnması zamanı müşahidə edilən bu cür səhnələr xalqımızın əyilməzliyi, birliyi və "Öncə Vətəndir!" amalına sadiqliyinin nümunəsidir!
Natiq Əliyevin dəfn mərasimində şəhidin yaxınları ilə birgə, şəhərin rəhbəri Niyazi Bayramov, yerli İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Türkiyə Respublikasının Gəncədəki baş konsulu Zəki Öztürk və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin doğmaları onun və Vətənin azadlığı uğrunda canlarını fəda etmiş digər igid övladlarımızın millətimizin yaddaşında daim yaşayacağı ilə fəxr etdiklərini dilə gətirdilər.
"Allah şəhidlərimizə rəhmət etsin. Mənim də balam bu gün şəhidlərin sırasına qoşuldu. Bütün şəhidlər bizim hamımızın övladıdır. Onlar qəlbimizdə yaşayacaq", - deyə şəhid Natiq Əliyevin atası Yusif Əliyev bildirib.
"Dünən axşam onunla danışmışdım. Dedi ki, narahat olmayın, hər şey qaydasındadır. Balam heç vaxt istəmirdi ki, kimsə həyəcan keçirsin. Natiq Aprel döyüşlərində də, 44 günlük müharibədə də iştirak edib. Medalları, fəxri fərmanları var. İgid oğlum hamımızın fəxri idi", -deyə şəhidin anası Ətayə Əliyeva bildirib.
"Bir yaş beş aylıq qızımız qaldı, ondan yadigar kimi. Özü qoyub adını - Zeynəb. O da igid atası ilə fəxr edəcək", - deyə şəhidin həyat yoldaşı Gülnar Əliyeva bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Natiq Əliyev əsgəri ehtiram - atıcı silahlardan açılan yaylım atəşləri ilə Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırıldı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin