ANmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyasının ilk iclası keçirilib. İclasda İctimai şura üzvlərinin say həddinin müəyyən edilməsi, namizədlərin irəli sürülməsi, qeydiyyatın başlanılması və başa çatması vaxtının elan edilməsi məsələləri müzakirə edilib.
İclasda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, bu qanunun müvafiq maddəsinin icrası ilə bağlı Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Energetika Nazirliyi yanında İctimai şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 21 sentyabr 2023-cü il tarixindən başlanılması qərara alınıb. Namizədlərin qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 18 oktyabr tarixində yekunlaşacaq.
Qeyd edək ki, İctimai şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Müraciət etmək istəyən vətəndaş cəmiyyəti institutlarından İctimai şuranın üzvlüyünə irəli sürülən namizəd barədə aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:
- Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin tərcümeyi-halı;
- Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
- Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
İctimai şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.
İctimai şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı tələb olunan məlumatlar minenergy@minenergy.gov.az elektron ünvanı vasitəsilə təqdim edilə bilər.
Əlaqələndirici şəxs: Azərbaycan Respublikası Energetika Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi, İctimai şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının üzvü Təranə Gözəlova (+99412 598-16-53 (daxili 1013); terane.gozelova@minenergy.gov.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin