Buraxılış imtahanlarının tədris ili başa çatmamış keçirilməsinə aydınlıq gətirilib.
ANmedia.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlamasında bildirib ki, imtahanların məzmun və məqsədində müəyyən dəyişikliklərlə bağlı çox ciddi addımlar atıldığı üçün imtahanın tədris ili başa çatmamış keçirilməsində heç bir problem yoxdur.
2017-ci ildən başlayaraq IX, 2019-cu ildən isə XI sinfi yeni kurikulumla bitirənlər imtahan vaxtına çatıb. Məqsədimiz şagirdlərin nə qədər bilik topladıqlarını yox, eyni zamanda hansı bacarıqlara sahib olduqlarını öyrənməkdir. Belə hallarda bunu yoxlamaq üçün tədris ilinin başa çatmağını gözləmək lazım deyil.Bizim yoxladığımız bacarıqlar IX sinfə qədər formalaşmalıdır. Təbii ki, biliyin yoxlanılması da var. Amma orda imtahan nə vaxt keçirilirsə, mövzular da həmin dövrə qədərki hissələrdən salınır. İlin sonundakı mövzuları isə qəbul imtahanlarında yoxlayırıq.
Bizə hökumət tərəfindən qoyulan tapşırıq yeni kurikulumun şagirdlərdə bacarıqları hansı səviyyəsə formalaşdırdığını müəyyənləşdirməkdir. Oxuyub anlamaq, öz fikrini bildirmək, öz fikrini yazmaq bacarıqları XI sinfin mart ayına qədər şagirddə formalaşmayıbsa, iyuna qədər də formalaşmayacaq", - deyə DİM sədri vurğulayıb.