Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında növbəti ildə də böyük layihələrə imza atacağıq. 2023-cü il yanvar ayından etibarən bir çox mühüm tədbirlər keçirəcəyik.
ANmedia.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko cari ilin yekunlarına həsr olunmuş media brifinqində deyib.
Səfir diqqətə çatdırıb ki, Aİ Cənubi Qafqazın rifah və sülh yaranmış region olmasına dəstək verir və bununla bağlı məsələlərdə iştirak edir: “Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər baş tutub. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün səylərimizi davam etdirəcəyik. Bu prosesə rəqabət kimi baxmaq doğru deyil və biz çağırış edirik ki, iki ölkə arasında normallaşma prosesində iştirak edən digər ölkələr də yekunda uğurlu nəticənin əldə olunması üçün çalışsınlar. Ümid edirik ki, bu strukturlaşdırılmış proses sülhün əldə olunmasına gətirib çıxaracaq və çıxarmalıdır. Biz intensiv və davamlı qaydada işləyəcəyik ki, nəticələr əldə olunsun. Aİ Azərbaycanda minalardan təmizlənmə prosesində ən fəal dəstəkçilərdən biridir. Bu, Qarabağın yenidən qurulması və təhlükəsizliyi üçün çox vacibdir”, - deyə səfir əlavə edib.
Peter Mixalko Kəlbəcərdə mina partlayışına da münasibət bildirib: “Biz minalardan təmizlənmədə Azərbaycana köməkliyi davam etdirəcəyik və inanırıq ki, bu dəstəyin həcmi artacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin