Bəsitçay Dövlət Təbiət Qoruğunun strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.
ANmedia.az APA-nın xəbərinə istinadən bildirir ki, bu Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsində əksini tapıb.
Qoruğa Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Qoruğun Şurasının fəaliyyətinə rəhbərlik edəcək. Qoruqda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.
Qoruğun ərazisi və obyektləri hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və maraqlarına xələl gətirmədən Azərbaycan Respublikasına məxsusdur və özgəninkiləşdirilə bilməz. Qoruğun hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. Qoruq rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində Qoruğa vurulmuş zərər Mülki Məcəllədə və təbiətin mühafizəsi ilə bağlı digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ödənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin