Latviyanın paytaxtı Riqada azərbaycanlı ifaçıların “Şuşa ili”nə həsr olunmuş konserti keçirilib.
ANmedia.az bildirir ki, “Report”un Baltikyanı ölkələrdəki bürosu xəbər verir ki, Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Latviyanın siyasi dairələrinin nümayəndələri, burada akkreditə olunmuş diplomatik korpusun üzvləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov salamlama nitqində konsertin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu Zəfər Gününə həsr edildiyini bildirib. O, Şuşa şəhərinin tarixindən, bütövlükdə onun Azərbaycan mədəniyyətinin inkişafı üçün əhəmiyyətindən danışıb.
Latviya Milli Kitabxanasında Azərbaycanın Əməkdar artisti İlham Nəzərov, tanınmış pianoçu Səidə Tağızadə və məşhur tarzən Sahib Paşazadənin ifasında dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Fikrət Əmirov, Müslüm Maqomayev və Azərbaycan mədəniyyətinin digər görkəmli nümayəndələrinin əsərləri səsləndirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin