DTX-nin keçirdiyi əməliyyatın detalları açıqlanmasa da, nazirliyin yüksək vəzifəli əməkdaşlarının korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə saxlanıldıqları bildirilir. O da məlum olub ki, əməliyyat keçirilən gün nazir Anar Kərimov işdə olmayıb.
Mətbuatda yer alan məlumata görə, Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlama aparıb, Anar Kərimovun vəzifədə olduğu dövr təftiş edilib. Yoxlamaların nəticələrinə gəlincə, nazirlikdə külli miqdarda yeyinti faktının üzə çıxdığı iddia olunur. Lakin hələlik bununla bağlı rəsmi məlumat dərc olunmayıb.
Qəribə görünsə də, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş və həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı. Korrupsiya olayında adı hallanan Əbülfəs Qarayev 2020-ci ilin mayın 21-də vəzifəsindən azad edilmiş, bir müddət sonra onun yerinə Anar Kərimov gətirilmişdi. İlk baxışda yeni nazirdən gözləntilər müsbət olsa da, cəmi bir ildən sonra belə neqativ halların üzə çıxması təəssüf doğurur.
İddialara əsasən, Anar Kərimovun əvvəlki rəhbərliyin yol verdiyi səhvləri təkrarlaması onun tezliklə vəzifəsini itirməsinə səbəb ola bilər.
Nazirlikdəki əməliyyat barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, ortada korrupsiya faktı varsa, ciddi araşdırılmalı və qanunauyğun şəkildə addım atılmalıdır:
“Bir nazirlikdə iki dəfə eyni hadisə baş verirsə, deməli, hamı məsuliyyət daşıyır. Korrupsiya və rüşvətlə bağlı daha ciddi tədbirlərin görülməsinə ehtiyac var. Dövlət başçısı dəfələrlə korrupsiya ilə bağlı xəbərdarlıq edib. Bundan sonra dərhal müəyyən tədbirlər həyata keçirilir, yoxlamalar aparılır. Ancaq yenə də fikir verirsən ki, korrupsiya hallarına yol verirlər. Açığı, mən düşünürdüm ki, 44 günlük Vətən müharibəsindən sonra korrupsiya ilə bağlı məsələlər bir balaca öz həllini tapar. Təəssüflər olsun ki, mən hazırda onun əksini gördüm. Bu, bizim millətimiz və dövlətimizin təhlükəsizliyi üçün ciddi problemdir.
Mənimsəmə halları ciddi araşdırılmalı, dövlət büdcəsi üzrə nəzarət mexanizmi gücləndirilməlidir. Hesablama Palatası daha ciddi yoxlamalar aparmalıdır. Yoxlamanın nəticələri ciddi müzakirə obyektinə çevrilməlidir. Şəffaflıq təmin olunmalıdır. Qeyri-hökumət təşkilatları yoxlamalara çağırılmalıdır”.
V.Əhmədov xüsusilə vurğulayıb ki, korrupsiya şübhəsi ilə saxlanan məmurlar ağır cəzaya məhkum edilməlidirlər:
“İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri gedir. Bura böyük vəsaitlər xərclənməlidir. İri layihələr həyata keçiriləcək. Yəni bu, ciddi məsələdir. Cinayətə bulaşmış insanlar sözün əsl mənasında cəzalarını almalıdırlar. Yoxsa görürsən ki, adam bir-iki il həbsdə yatır, çıxdıqda yenə öz kefi ilə hərəkət edir”.
Anar Kərimovun işdən çıxarılması ehtimalına gəlincə, deputat araşdırmanın nəticəsindən sonra hər şeyin bəlli olacağını vurğulayıb:
“Nazirin vəzifədən kənarlaşdırılması Prezidentin səlahiyyətində olan məsələdir. Doğrudur, nazir müavini, digər vəzifəli şəxslər saxlanılıblar. Ancaq saxlanılma səbəbi ilə bağlı dəqiq fakt yoxdur. Nəyə görə saxlanıldıqları ilə bağlı məlumat verildikdən sonra hansısa qərar veriləcək. Bu, daha doğrudur. Nazir hələ təzədir, araşdırmalardan sonra hər şey bilinəcək”.
Xatırladaq ki, Anar Kərimov 2021-ci ildən mədəniyyət naziri vəzifəsində çalışıb. O, daha öncə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi olub.
Mənbə: oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin