Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində hibrid qaydada BMT-nin Asiya-Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Katibliyi ilə əməkdaşlıq çərçivəsində Şimali və Mərkəzi Asiyada multimodal daşımalar və dəmir yolunun rəqəmsallaşdırılması üzrə ekspertlərin iclası keçirilib.
ANmedia.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ölkəmizin də benefisiarı olduğu sözügedən layihənin məqsədi adıçəkilən subregionda rəqəmsal transformasiya, dəmir yolu və multimodal daşımalarda yeni texnologiyalardan istifadə sahəsində əldə edilmiş təcrübələr və uğurlu siyasi alətlər barədə iştirakçı ölkələrin aidiyyəti qurumlarının anlayış və bacarıqlarının artırılmasına dəstək göstərməkdir.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistanın nümayəndələri, eləcə də UNESCAP Katibliyi, UNESCAP-ın Şimali və Mərkəzi Asiya üzrə Subregional Ofisi, Beynəlxalq Dəmir Yolu İttifaqı (UIC), TRASEKA və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri təmsil ediblər.
Qeyd edək ki, Asiya-Sakit okean regionunda nəqliyyat sisteminin inkişafında rəqəmsallaşmanın əhəmiyyətli rolu nəzərə alınaraq, ESCAP Katibliyi tərəfindən “Şimali və Mərkəzi Asiya ölkələrində dəmir yolu əməliyyatlarının davamlılığının və rəqabət qabiliyyətinin artırılması üçün yeni texnologiyalar və rəqəmsal transformasiya” mövzusunda texniki yardım layihəsi həyata keçirilir.
Məlumat üçün bildirək ki, həmçinin nazirliyin təşkilatçılığı ilə 3 noyabr tarixində Bakıda Trans-Asiya Dəmir Yolu Şəbəkəsi boyunca əlaqəliliyin daha da inkişaf etdirilməsi kontekstində “Şimali və Mərkəzi Asiya üçün dəmir yolunun rəqəmsal transformasiya üzrə bacarıqların artırılması” mövzusunda hibrid qaydada ESCAP-UIC birgə seminarı keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin