Qarabağ Dirçəliş Fondu fəaliyyətinin ilk ili olan 2021-ci ili 888,343 milyon manat xalis mənfəətlə başa vurub.
ANmedia.az Fondun ilk maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il qurumun ianələrdən gəlirləri 892,206 milyon manat, maliyyə gəlirləri 9,199 milyon manat, ümumi, inzibati və sair əməliyyat xərcləri 533 min manat, dəyərsizləşmədən zərəri 10,351 milyon manat, maliyyə xərcləri 449 min manat, mənfəət vergisi ödəmələri isə 1,729 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun aktivləri 890,448 milyon manat olub ki, bunun da 1,105 milyon manatı Fondun öhdəlikləri, 889,343 milyon manatı isə balans kapitalı hesabına formalaşıb.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin