Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.
ANmedia.az xəbər verir ki, bu haqda oktyabrın 25-də APA xəbər yayıb.
AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub.
Filmdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq.
Serialda tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühaların obrazı yaradılacaq.
Ssenaridə xaşxaşilər və onların sui-qəsdləri, xristian missionerlərin fitnələri, döyüş səhnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyyətlər və digər məqamlar yer alıb.
Növbəti mövsümdə daha 24 bölüm “Turan yoluna doğan günəş” adı altında təqdim olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin