"Azərbaycanın Avropanın enerji təminatını bu dəfə “yaşıl enerji” vasitəsilə şaxələndirməsi üçün perspektivləri böyükdür".
ANmedia.az bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr “Energetiklər günü” ilə əlaqədar rəsmi qəzetdə dərc edilən məqaləsində bildirib.
Onun sözlərinə görə, Avropaya ixrac istiqamətində perspektivli və Avropa İttifaqının dəstəklədiyi layihələrdən biri Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsidir: “Layihə üzrə Gürcüstanla Rumıniya arasında enerji ötürmə gücü 1 000 MVt olan 1 195 km uzunluğunda elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılması, bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulur”.
Nazir bildirib ki, hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması müzakirə edilir: “Bu layihə “yaşıl enerji” dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin