Azərbaycanın inkişafında azad olunmuş ərazilərin bərpası və yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bir sıra sahələrdə dünya lideridir. Ölkəmiz öz inkişaf səviyyəsinə və texnologiyalarına görə bir çox ölkəni qabaqlayır. Ağdam şəhərində və bu ərazidə inkişafın innovativ yolla aparılması təqdirəlayiq haldır.
ANmedia.az xəbər verir ki, bu sözləri oktyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyinin və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Ağdamda keçirilən səyyar təlimdə iştirak edən DİA-nın rektoru akademik Urxan Ələkbərov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, hazırda Azərbaycanda dövlət idarəçiliyində tam yeni sinergetik transformasiya gedir. Prezident İlham Əliyevin 2017-ci il tarixli Fərmanı ilə ölkədə Birinci vitse-prezident institutunun formalaşması və bu vəzifəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gətirilməsi bu texnologiyanın səmərəliliyini tamamilə yüksəltdi. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq statistikaya əsasən, dünyada inklüziv inkişaf sahəsində resurslardan ən səmərəli istifadə edən ölkədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin