"Azərbaycan Hava Yolları" QSC (AZAL) ölkənin hava məkanında real vaxt rejimində hava hərəkətinin idarə olunmasına (HHİ) dair yüksək tələblərə cavab verən “Aireon” peyk sistemi vasitəsilə təyyarə uçuşlarının qlobal müşahidə sistemini tətbiq edəcək.
ANmedia.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bu qabaqcıl yenilik aerokosmik sahədə qlobal təkamül prosesləri çərçivəsində innovativ texnologiyaların üstünlüklərindən tam istifadə edilməsinə imkan yaradacaq.
Bu gün AZAL-ın prezidenti Cahangir Əsgərovla “Aireon” şirkətinin prezidenti və baş icraçı direktoru Don Toma arasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Qevarın iştirakı ilə sözügedən sistemin tətbiqinə dair saziş imzalanıb.
"Azərbaycanın hava məkanından keçərkən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) xidmət göstərdiyi tranzit uçuşların sayının ikiqat artdığı bir zamanda mövcud sistemin tətbiqi daha da önəmlidir. Hər gün AZANS 550-yə yaxın hava gəmisinə aeronaviqasiya xidmətlərini təqdim edir. Bu isə pandemiya dövrünə qədər olduğundan daha yüksək göstəricidir", - deyə məlumatda qeyd olunub.
“Aireon” hava hərəkətini peyk idarəetmə sistemi uçuşların təhlükəsizliyi və effektivliyini radikal şəkildə optimallaşdıracaq həll təklif edir, eyni zamanda aviaşirkət üçün real vaxt rejimində reyslərin qlobal izlənməsini təmin edəcək. Bu sistemin tətbiqi və tam istifadəsi ADS-B avadanlıqları ilə təchiz olunmuş təyyarələrin müşahidə edilməsini təmin etməklə yanaşı, daha əlverişli marşrut və yüksəklikləri seçməyə imkan yaradacaq,” - deyə C.Əsgərov bildiib.
Beləliklə, bu sistem Azərbaycanın hava məkanında marşrutların iqtisadi effektivliyi və ekoloji təhlükəsizliyini təkmilləşdirməyə, yanacaqdan az istifadə etməyə və atmosferə zərərli tullantıların atılmasının minimuma endirilməsi ilə daha optimal marşrutlarla uçuşları planlaşdırmağa imkan yaradacaq. Eyni zamanda, bu sistem Azərbaycan aviaşirkətlərinə mənsub təyyarələrin dünyanın istənilən nöqtəsində uçuşları haqqında operativ məlumatların alınmasına əlverişli şərait yaradacaq.
“AZAL regionda aviadaşımaların effektivliyi və təhlükəsizliyi sahəsində aparıcı rol oynayır. Azərbaycanda kosmik texnologiyaların inkişafına rəhbərlik etmək istəyinə əsaslanaraq AZANS, “Aireon” şirkətinin ADS-B kosmik müşahidələrinin məlumatlarının Azərbaycanın hava məkanında istifadəsini tətbiq etməyə razılıq verməklə mühüm texnoloji addım atıb. “Aireon” şirkətinin məlumatları hava hərəkətini bilavasitə idarə edən dispetçerləri effektiv, təhlükəsiz və ekoloji cəhətdən təmiz müasir aeronaviqasiya xidmətləri ilə təmin etməklə AZANS-a Azərbaycanın hava məkanı haqqında tam təfərrüatlı məlumat təqdim edəcək", - deyə D.Toma vurğulayb.
“Bu tədbir aerokosmik sahəsində olan tərəfdaşlığımızı vurğulayır. Mən müxtəlif iqtisadi sektorlarının Azərbaycanda uğur qazanmalarına sevinirəm. ABŞ şirkətləri müxtəlif ölkələrə ən müasir xidmət və texnologiyaları təqdim edir. Bizim şirkətlərin yaxşılar sırasında ən yaxşı olmalarını bəyan etməkdən qürur duyuram. Hesab edirəm ki, AZAL Amerika texnologiyalarını və təhlükəsiz təchizatçılarını seçməklə müdrik qərar verib,” - deyə H.Qevara qeyd edib.
“Aireon” – “Iridium Communications Inc” peyk rabitə operatoru, “Nav Canada” şirkəti (Kanada Aeronaviqasiyası), NATS (Böyük Britaniya Aeronaviqasiyası), ENAV (İtaliya Aeronaviqasiyası), “Naviair” (Norveç Aeronaviqasiyası) və İrlandiya Aviasiya İdarəsi ilə əməkdaşlıq edir. Şirkət, ADS-B peyk əsaslı avtomatlaşdırılmış kosmik asılı müşahidə şəbəkəsindən istifadə etməklə dünyada hava gəmilərinin real zaman rejimində ilk peyk müşahidə sistemini işləyib hazırlayıb.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən rəsmi dəstək almış “Aireon” tarix boyu hava müşahidəsi üzrə ilk sertifikatlı təminatçıdır. 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək “Space-X Falcon 9” raketlərində müvəffəqiyyətlə yerinə yetirilmiş “İridium NEXT” peykinin buraxılışı “Aireon” texnologiyasının əsasını təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin