AŞPA-da Rusiyanın Ukraynaya hücumu ilə bağlı qətnamə layihəsi qəbul olunub.
ANmedia az bildirir ki, bu barədə APA-nın Avropa bürosu xəbər verir ki, qətnamə layihəsi litvalı məruzəçi Emanuelis Zinqereis tərəfindən hazırlanıb.
Qətnamədə Assambleya Avropa Şurasına üzv və müşahidəçi dövlətləri Rusiya Federasiyasının siyasi və hərbi rəhbərliyi tərəfindən törədilmiş təcavüz cinayətlərini araşdırmaq və mühakimə etmək üçün xüsusi beynəlxalq cinayət tribunalı yaratmağa çağırılıb.Qətnamədə Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində Rusiya tərəfindən keçirilmiş “referendumlar” birmənalı şəkildə pislənib və üzv dövlətlər “referendumlar”ın hər hansı nəticələrini tanımaqdan çəkinməyə çağırılıb.
Parlament Assambleyası Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha bəyan edib və üzv dövlətləri Rusiyanın Ukraynaya hücumu ilə beynəlxalq hüququn ciddi pozuntularına görə hərtərəfli məsuliyyət sistemini təmin etməyə çağırıb.
Həmçinin, üzv dövlətlərə Rusiya Federasiyasına hücumu dərhal dayandırmaq üçün maksimum təzyiq siyasətini həyata keçirməkdə möhkəm və vahid olmaq məsləhət edilib.
Qətnamədə Rusiya Federasiyası "terror dövləti" kimi tanınıb.
Qətnamə yekdilliklə qəbul olub.
Qeyd edək ki, bununla da Avropa Şurası Parlament Assambleyası Rusiya Federasiyasını terrorçu kimi tanıyan ilk beynəlxalq təşkilat olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin