İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb.
ANmedia.az bu barədə "Report"a İZİA-dan verilən xəbərə istinadən bildirir ki, Sənaye Parkının rezidentlərindən “Dadaş-N” MMC müxtəlif çeşiddə sintetik xalçaların, “Veliev” MMC Prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına start verib. Sənaye Parkının digər rezidentləri tərəfindən isə layihələndirmə işləri görülür və yaxın zamanda tikinti işlərinə başlanması planlaşdırılır.
Bundan başqa, Ağdam Sənaye Parkında iki şirkətə qeyri-rezidentlik statusu verilib. Onlardan biri - “Yüksəl Beton” QSC artıq Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Şirkət tərəfindən istehsal olunan beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə edilir.
Daha bir qeyri-rezident olan “PMD Projects“ MMC Sənaye Parkının ərazisində beton istehsalı, topdan və pərakəndə satışı ilə məşğul olacaq. Şirkət artıq layihələndirmə işlərinə başlayıb.
Qeyd edək ki, Ağdam Sənaye Parkında 9 sahibkara rezidentlik statusu verilib. Həmin rezidentlər tərəfindən 50 milyon manatdan çox investisiya yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin