"Böyük iyirmilik" ölkələrinin parlament rəhbərlərinin sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüb.
ANmedia.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə istinadən bildirir ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq və əməkdaşlıq əlaqələrinə böyük əhəmiyyət verdiyini bildirən Milli Məclisin sədri xatırladıb ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur.Spikerin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var. Bu mənada, iki ölkə liderlərinin qarşılıqlı səfərləri əlaqələrin bütün istiqamətlərdə inkişafına təkan verir.İkitərəfli əməkdaşlığın genişlənməsində qanunverici orqanların mühüm rolunu diqqətə çatdıran Sahibə Qafarova deyib ki, parlamentlərimiz ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət töhfələr verirlər. Vurğulanıb ki, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir və bu, parlamentlərimiz arasında körpü rolunu oynayır. Milli Məclisin sədri ölkələrimizin beynəlxalq parlament təşkilatlarında da uğurlu təmsilçiliyini və əməkdaşlığını müsbət qiymətləndirib, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıqla bağlı fikirlərini ifadə edib. Spiker Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin cari ildə Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransında iştirakını yüksək qiymətləndirib, Konfransın nəticələri barədə məlumat verib.
Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş Azərbaycanın Milli Məclisinin sədri ilə görüşməkdən məmnunluğunu bildirərək, ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafını qeyd edib. O, qanunverici orqanlar arasında münasibətlərin inkişafının iki ölkə arasında əlaqələrin dinamikasına müsbət təsirini vurğulayaraq, bu sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini bildirib. Həmçinin beynəlxalq parlament təşkilatlarında əməkdaşlığı qeyd edib.
Saqr Qobaş Birləşmiş Ərəb Əmirliklərinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu və hər cür dəstək verməyə hazır olduğunu bildirib. O deyib ki, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası Parlament Şəbəkəsinin Bakıda keçirilən birinci konfransında təmsil olunub və tədbirdə iştirak edən Federal Milli Şuranın təmsilçiləri Bakıdan çox böyük təəssüratlarla qayıdıblar.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular haqqında da fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin