“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 90 gün ərzində 10 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.
ANmedia.az-ın məlumatına görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin versiyasında keçid müddəalarında əksini tapıb.
Beləliklə, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun qanunun tələblərinə uyğunluğunu yoxlayacaq. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək. Bu məlumat daxil olduğu tarixdən 15 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim etməlidir.
Təqdim edilmiş siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) reyestrin təqdim olunduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyaya təqdim etməli və ya sifarişli poçt göndərişi vasitəsilə göndərməlidir. Eyni zamanda həmin məlumat daxil olduğu tarixdən 30 gün müddətində siyasi partiya nizamnaməsini və proqramını bu qanunun tələblərinə uyğunlaşdırmalı, proqramı olmadığı halda onu qəbul etməli və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayını ən azı 10 min nəfərə çatdırmadıqda, o cümlədən çatışmazlıq aşkarlanması barədə məlumat daxil olduqda 15 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim etmədikdə və 30 gün müddətində siyasi partiya nizamnaməsini və proqramını bu Qanunun tələblərinə uyğunlaşdırmadıqda, proqramı olmadığı halda onu qəbul etmədikdə və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin